ELM VƏ TƏHSİL
Azərbaycan İlahiyyat İnstitutu Türkiyənin universitetləri ilə əməkdaşlığa başlayır
Bakı, 19 dekabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) nümayəndə heyəti Türkiyənin ali təhsil müəssisələri ilə görüşlər keçirmək üçün bu ölkədə işgüzar səfərdədir.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti Mərmərə və 29 Mayıs universitetləri ilə əməkdaşlıq protokolları imzalayıb. Tərəflər arasında təhsil və elm sahəsində uzunmüddətli əməkdaşlıq, tədris prosesindəki təcrübələr ilə əyani şəkildə tanış olmaq və bu sahə üzrə mövcud yeniliklərin öyrənilməsi, mədəni əlaqələrin qurulması və möhkəmləndirilməsi haqqında geniş fikir mübadiləsi aparılıb. Həmçinin tədris metodu üzrə elmi məlumatların qarşılıqlı ötürülməsi, təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı biliklərin paylaşılması, elmi-tədqiqat proqramlarının, layihələrin birgə təşkili, tələbə mübadiləsi və digər məsələlər müzakirə olunub.
Aİİ öz fəaliyyətində beynəlxalq əlaqələrə, xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığın yaradılmasına xüsusi önəm verir. Ali təhsil müəssisəsi fəaliyyətində müxtəlif dünya ölkələrinin aparıcı ali təhsil müəssisələrinin təcrübələrindən faydalanaraq, Azərbaycanda yüksək dini biliklərə malik mütəxəssislərin hazırlanmasını qarşısına məqsəd qoyub.