ELM VƏ TƏHSİL
Azərbaycan İlahiyyat İnstitutu ilə Moskva İslam İnstitutu arasında əməkdaşlıq əlaqələri qurulur
Bakı, 25 aprel, Şahnaz Abdullayeva, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə Moskva İslam İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb.
AZƏRTAC xəbər verir ki, protokol tərəflər arasında təhsil və elm sahəsində uzunmüddətli əməkdaşlıq, tədris prosesində elmi nailiyyətlərin tətbiqi və təcrübə mübadiləsi, qarşılıqlı fayda əldə edilməsi, hörmət və etibar prinsipləri əsasında yüksəkixtisaslı kadrların hazırlanması, elmi potensialın inkişaf etdirilməsi, qarşılıqlı anlaşma, akademik, elmi və mədəni əlaqələrin qurulması, elmi araşdırma və təhsil sahəsində qarşılıqlı əlaqələrin inkişafı və möhkəmləndirilməsi məqsədi daşıyır. Sənəddə elmi təcrübə və araşdırma, tədris metodikası üzrə elmi məlumatların ötürülməsi, tədris prosesinin təşkili ilə bağlı təcrübənin bölüşülməsi, elmi-tədqiqat proqramları və layihələrinin birgə təşkili, tələbə mübadiləsi, elmi və metodiki vəsaitlərin çap olunması və digər məsələlər nəzərdə tutulur.
Ceyhun Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan İlahiyyat İnstitutu yarandığı gündən müxtəlif ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlıq qurmağa çalışır. Bu sahədə ən çox təcrübəsi olan ali məktəblərdən biri də Moskva İslam İnstitutudur. Hesab edirəm ki, bu institutla kifayət qədər ortaq dəyərlərimiz var, birgə bir çox layihələr həyata keçirə bilərik.
Moskva İslam İnstitutunun rektoru Demir Muxeddinov əməkdaşlıq protokolunun iki institut arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə ümidvar olduğunu deyib. O bildirib ki, Rusiya Federasiyasında yaşayan müsəlmanlarla Azərbaycanda yaşayan müsəlmanlar arasında çoxəsrlik tarixi-ənənəvi bağlar var. İnstitutlararası əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi ölkələrimizin münasibətlərinə də öz müsbət təsirini göstərəcək.
Qeyd edək ki, Aİİ-nin hədəfi tədrisin müasir tələblər səviyyəsində qurulması məqsədilə dünyanın digər qabaqcıl universitetləri ilə yanaşı, Rusiya ali məktəblərinin təcrübəsindən yararlanmaq, tələbə mübadiləsi aparmaq, həmçinin ali məktəblər arasında əlaqələri genişləndirməkdir.
Azərbaycan İlahiyyat İnstitutu ötən bir il ərzində müxtəlif ölkələrin universitetləri ilə əlaqələr yaradıb, Türkiyənin Ankara, İstanbul, Mərmərə, “29 Mayıs”, Kırıkkale universitetləri, Rusiyanın Perm Dövlət İncəsənət İnstitutu və Omsk Dövlət Universiteti ilə əməkdaşlıq protokolları imzalayıb.