ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutunda Əhməd bəy Ağaoğluna həsr edilən konfrans keçirilir

Bakı, 19 sentyabr, AZƏRTAC

Böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi münasibətilə Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türk Ocaqları İstanbul şöbəsi, İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda ikigünlük elmi konfrans öz işinə başlayıb. Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Aİİ rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov konfransın Prezident İlham Əliyevin “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının icrası çərçivəsində təşkil olunduğunu bildirib. Həmçinin Təhsil Nazirliyi Sərəncamın icrası ilə əlaqədar tədbirlər planını təsdiq edib.

Aİİ rektoru vurğulayıb ki, ölkə rəhbərinin müvafiq Sərəncamı dövlətimiz tərəfindən türk dünyasının görkəmli ictimai-siyasi xadiminə verilən dəyərin, hörmət və ehtiramın ən yüksək göstəricisidir.

C.Məmmədov qeyd edib ki, institut yarandığı gündən öz fəaliyyətində milli-mənəvi dəyərlərimizin təbliğinə, tələbələrdə vətənpərvərlik ruhunun, Vətənə sevginin və ona bağlılığın gücləndirilməsinə, tanınmış Azərbaycan mütəfəkkirlərinin həyat və yaradıcılığının öyrənilməsinə xüsusi önəm verir. Bugünkü konfrans türk dünyasının görkəmli ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun həyat yolu və əsərləri ilə yaxından tanışlıq, ədəbi fəaliyyətinin yeni, maraqlı səhifələrini öyrənmək baxımından xüsusi əhəmiyyət daşıyır.

İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutunun müdiri Mustafa Balcı görkəmli ictimai xadim, şərqşünas alim, publisist, tənqidçi Əhməd bəy Ağaoğlunun təkcə Azərbaycanda deyil, Türkiyədə, Yaxın və Orta Şərqdə, Mərkəzi Rusiya və Qərbi Avropada da tanınmış alimlərdən olduğunu qeyd edib. Mustafa Balcı dahi mütəfəkkirin hürriyyət və demokratiya aşiqi, millətini sevən ziyalı olduğunu qeyd edərək, onun insanlığın bütün üstün cəhətlərini və məziyyətlərini özündə toplamış olduğunu vurğulayıb.

Türk Ocaqları İstanbul şöbəsinin müdiri Cezmi Bayram qeyd edib ki, Əhməd bəy bütün həyatı boyunca çəkdiyi əzab-əziyyətə, sürgün və məhrumiyyətə baxmayaraq, sözünü çəkinmədən deyib, xalqının və türk dünyasının mənafeyi uğrunda hər zaman mübarizə aparıb. Böyük sənətkarın yaradıcılığı və fəaliyyəti çoxtərəfli, çoxjanrlı, sistemli şəkildə davam edib, son nəfəsinədək xalqına, millətinə, mədəniyyətinə bağlı olduğunu göstərib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iki qardaş ölkənin ortaq dəyərlərindən biri olan Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr edilən konfransın keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib. O, Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin inkişafının böyük əhəmiyyətini, tarixi köklərə söykəndiyini, eyni millətə, dilə və dinə sahib olan iki xalq arasında qardaşlıq münasibətlərinin əsrlərboyu yaşadığını və bu əlaqələrin hazırda daha da zənginləşdiyini, yeni səviyyəyə yüksəldiyini bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov Prezident İlham Əliyevin “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamını böyük ədibə ehtiramın təcəssümü kimi dəyərləndirib. Gündüz İsmayılov Əhməd bəyin əsərlərində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsil səviyyəsi ilə ölçüldüyünü vurğulayıb. Qeyd edib ki, görkəmli ictimai xadim, yazıçı, publisist Əhməd bəy Ağaoğlu Azərbaycanın milli istiqlalı uğrunda mübarizənin ön cərgəsində duran ziyalılarımızdan biri olub.

Sentyabrın 20-dək davam edəcək konfransda Əhməd bəy Ağaoğlunun həyatı və fəaliyyəti, yaradıcılığında türkçülük ideologiyası, multikultural dəyərlərin tərənnümü, qadın azadlığı məsələləri, onun Azərbaycan Xalq Cümhuriyyəti parlamentində fəaliyyəti, Difai təşkilatının yaradılmasında, Türkiyənin ictimai-siyasi həyatında rolu barədə mövzuları əhatə edəcək. Bununla yanaşı, Əhməd bəy Ağaoğlunun ictimai-siyasi baxışlarının tədqiqi məsələləri də müzakirə olunacaq.

Konfransın materialları kitab şəklində çap olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.