ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutunda Beynəlxalq Ana Dili Gününə həsr edilən vebinar

Bakı, 19 fevral, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Beynəlxalq Ana Dili Gününə həsr edilmiş vebinar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, vebinar “Zoom” proqramı vasitəsilə onlayn formada təşkil olunub. Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi təsis edilməsi tarixindən danışıb. O, ümummilli lider Heydər Əliyevin dilimizin saflığının qorunmasına və inkişafına daim böyük əhəmiyyət verdiyini vurğulayıb.

Vebinarın moderatoru, Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının dosenti, ilahiyyat üzrə fəlsəfə doktoru Məmmədəli Babaşlı ana dilinin insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında mühüm vasitə olduğunu qeyd edib.

AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu “Ana dilimiz milli sərvətimizdir” mövzusunda çıxış edib. O, ana dilinin hər bir millət üçün milli sərvət olduğunu xüsusi vurğulayıb. Dilimizi tarixboyu yaşadan söz ustalarından, alimlərdən, yazıçılardan sitatlar gətirərək, dilin qoruyucusunun xalq olduğunu diqqətə çatdırıb.

Azərbaycan Dillər Universitetinin professoru, Dövlət Dil Komissiyasının üzvü Adil Babayev “Dil millətin tək nişanıdır” mövzusunda məruzə edib. O, ana dilinin saflığını qorumağın, ədəbi dil normalarının gözlənilməsinə nəzarət etməyin, həmçinin dili yad ünsürlərdən təmizləməyin hər bir Azərbaycan vətəndaşının borcu olduğunu bildirib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının müdiri, Dövlət Dil Komissiyasının üzvü, professor Buludxan Xəlilov “Azərbaycan dilinin imkanları” mövzusunda çıxış edib. O, Azərbaycan dilinin çox zəngin dil olduğunu söyləyib.

Sonra müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.