ELM VƏ TƏHSİL
Azərbaycan İlahiyyat İnstitutunda Beynəlxalq Tərcüməçilər Gününə həsr olunan vebinar
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Beynəlxalq Tərcüməçilər Gününə həsr olunan vebinar təşkil edilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, vebinar Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müdiri dosent İlkin Əlimuradovun moderatorluğu ilə keçirilib.
Tədbirdə Aİİ-nin rektoru dosent Aqil Şirinov çıxış edərək tərcümə fəaliyyətində mövcud vəziyyət və problemlər haqqında fikirlərini bölüşüb. Rektor dini ədəbiyyatların, mənbələrin əksəriyyətinin ərəb, fars, ingilis və digər dillərdə olduğunu diqqətə çatdıraraq, ölkəmizi beynəlxalq səviyyədə layiqincə təmsil etmək üçün tərcümənin keyfiyyətinin vacibliyini vurğulayıb.
A.Şirinov qeyd edib ki, ilk dövrlərdə ərəb, fars, türk dillərindən tərcümə olunan dini mətnlərdə dil normalarında problemlər mövcud olub. İlahiyyat İnstitutu tərəfindən nəşr olunan “İzahlı dini terminlər lüğəti” hazırda bu sahədə ədəbiyyatların tərcüməsinə kömək edəcək.
Aİİ rektoru mərhum akademiklər Ziya Bünyadov və Vasim Məmmədəliyevin tərcümə etdikləri Qurani-Kərimin mükəmməlliyini qeyd edərək, onların ərəb dili ilə yanaşı, Azərbaycan dilinin normalarına yaxşı bələd olduqlarını vurğulayıb.
Bakı Dövlət Universiteti Ərəb filologiyası kafedrasının professoru Nəsrulla Məmmədov “Ərəb dilində təsvir-ifadə vasitələri və onların tərcümədə rolu” mövzusunda çıxış edib. O bildirib ki, tərcümə zamanı ərəb dilində təsvir-ifadə vasitələri fikrin və ya ifadənin emosionallığını artırmaq məqsədilə istifadə olunur.
Azərbaycan Dillər Universiteti Tərcümə fakültəsinin dekanı dosent Bənövşə Məmmədova “Tərcümə sahəsində mövcud vəziyyət: problemlər və perspektivlər” mövzusunda məruzə söyləyib.
Azərbaycan Dövlət Tərcümə Mərkəzi Beynəlxalq əlaqələr və tərcümə işinin təşkili idarəsinin rəis müavini İlqar Qarayev “Hüquqi mətnlərin tərcüməsinin spesifik xüsusiyyətləri: təcrübə və problemlər” mövzusunda məruzəsində hüquqi mətnlərin tərcüməsində ortaya çıxan problemlərə diqqət çəkib.
Azərbaycan İlahiyyat İnstitutu Dillər və ictimai fənlər kafedrasının müdiri dosent İlkin Əlimuradov “Azərbaycan və ərəb dilləri üzrə qarşılıqlı tərcümə prosesi: nəzəriyyə və təcrübə müstəvisində”, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin dil üzrə mütəxəssisi, Türkiyə və Kipr üzrə əlaqələndirici Kəmalə Ələkbərova “Oxşar dillərdə tərcümə problemləri” mövzusunda məruzə ediblər.