ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutunda IV kurs tələbələri ilə görüş

Bakı, 30 sentyabr, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov IV kurs tələbələri ilə görüşüb.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Görüşdə rektor A.Şirinov tələbələrə tədrisin sonuncu ilində olduqlarını xatırladaraq, onlara dərslərinə daha məsuliyyətlə yanaşmağı, dil bilgilərinə yiyələnməyi, təşkil edilən kurslarda fəal olmağı tövsiyə edib. İnstitutun dövlətin diqqət və qayğısı ilə tam əhatə olunduğunu diqqətə çatdıran rektor vurğulayıb ki, tələbələrimiz bu imkanlardan istifadə etməli, biliklərini təkmilləşdirərək yüksəkixtisaslı kadrlar kimi yetişməlidirlər.

Aİİ rəhbəri deyib ki, ali təhsil müəssisəsi yüksəkixtisaslı kadr hazırlığını, insan kapitalının formalaşdırılmasını özünün prioritet vəzifələrindən biri kimi müəyyənləşdirir.

A.Şirinov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na uyğun olaraq, 2022-ci il mayın 24-də elan edilmiş müsahibədə iştirak edən, din xadimi təyin olunan məzunlarımız haqqında da məlumat verib. “Ali təhsil müəssisəsinin məqsədi sizin timsalınızda cəmiyyətə savadlı, yüksək intellektə, geniş dünyagörüşə malik, sağlam düşüncəli, Vətənini sevən, milli məfkurəyə sahib, milli-mənəvi dəyərlərimizi qoruyan din xadimləri təqdim etməkdir”, - deyə rektor bildirib.

Qeyd edilib ki, tələbələr ölkəmizin inkişafı, daha da çiçəklənməsi naminə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməli, milli-mənəvi dəyərlərimizi birləşdirici ünsür olaraq cəmiyyətə təbliğ etməlidirlər.

Tədbirdə tələbələrin tədris prosesi, təlim, təhsil və s. ilə bağlı sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.