ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutunda “Unibook” sisteminin tətbiqinə başlanılıb

Bakı, 13 fevral, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə ölkənin qabaqcıl informasiya texnologiya şirkəti – “Neuron Technologies” arasında müqavilə imzalanıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, müqaviləyə əsasən təhsil müəssisəsində “Unibook” təhsil informasiya idarəetmə sisteminin tətbiqinə start veriləcək.

Aİİ-nin rektoru Ceyhun Məmmədov bildirib ki, təhsil müəssisəsi fəaliyyətə başladığı gündən elektron təhsil sisteminə keçidlə bağlı tədbirlər həyata keçirir, tədris sisteminin müasir texnologiyalar əsasında təşkili və prosesin şəffaflığının təmin etmək məqsədilə yerli və beynəlxalq təcrübəni öyrənir.

“Neuron Technologies” şirkətinin direktoru İsmayıl Ələkbərov qeyd edib ki, “Unibook” – təhsil informasiya idarəetmə sistemi hazırda Təhsil Nazirliyi ilə birgə layihə çərçivəsində ölkənin nüfuzlu ali təhsil müəssisələrində tətbiq olunur.

“Unibook” sisteminin institutda tətbiqi çərçivəsində tələbələrin və müəllimlərin elektron məlumat bazasının yaradılması, tədris prosesinin və təhsilin məzmununun elektron idarə edilməsi, elektron qiymətləndirmə, elektron imtahan, interaktiv forum və kommunikasiya, insan resurslarının idarə edilməsi, təqaüdün hesablanması nəzərdə tutulur.

“Unibook” vasitəsilə tələbələr tədris strukturlarını, avtomatlaşdırılmış altsistemləri özündə birləşdirən vahid informasiya mühitində istənilən fənn üzrə materialları onlayn qaydada əldə edəcək, müəllimlərin mühazirələri ilə tanış olacaqlar. Bütün tələbələrə və müəllimlərə onlayn sistemə giriş imkanı veriləcək və bunun üçün hər bir istifadəçinin xüsusi şifrəsi olacaq.

Qeyd edək ki, “Neuron Technologies” şirkətinin ərsəyə gətirdiyi “Unibook” Təhsil Nazirliyi sistemində geniş tətbiq olunur və nüfuzlu universitetlər təhsil prosesinin idarə edilməsində məhz ona üstünlük verirlər.

Sistem “Made in Azerbaijan” brendi altında bir sıra xarici ölkələrə də ixrac edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.