ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutunda “Zamanın idarə olunması” mövzusunda məruzə dinlənilib

Bakı, 3 oktyabr, AZƏRTAC 

Oktyabrın 3-də Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Zamanın idarə olunması” mövzusunda seminar keçirib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda rektor Ceyhun Məmmədov dövlət-din münasibətlərindən danışıb. Aİİ-də maarifləndirmə məqsədilə mütəmadi olaraq müxtəlif seminarların təşkil edildiyini söyləyən C.Məmmədov mövzunun əhəmiyyətinə toxunub. Rektor gəncliyin cəmiyyətin aparıcı qüvvəsi olduğunu, inkişafın yalnız yüksək elm, təhsil, qabiliyyət və bacarıqla əldə edilə biləcəyini, bunun isə zamandan düzgün yararlanmaqla mümkün olduğunu deyib. Gənclik dövrünün insan həyatında həlledici mərhələ olduğunu, bu dövrdə verilmiş qərarların bütöv ömür yolunda dərin iz buraxacağını xatırladan rektor gəncləri zamanlarını doğru dəyərləndirməyə səsləyib.

Sonra bir çox ölkələrdə təlim, konfrans və seminarların iştirakçısı, peşəkar idarəçi, biznes məsləhətçisi Fəxri Ağayevin "Zamanın idarə olunması” mövzusunda məruzəsi dinlənilib. Məruzədə insana doğulduğu andan etibarən iki növ sərmayənin verildiyi, bunların sağlamlıq və zamandan ibarət olduğu qeyd edilib. İnsanın bu sərmayəni artırmaq gücündə olmadığı, lakin maksimum effektiv dərəcədə öz xeyri və məqsədləri üçün istifadə edə biləcəyi vurğulanıb. Bildirilib ki, zamanı idarəetmə bacarığı insana böyük nailiyyətlər qazandırır. F.Ağayev zamanı idarə etməyin xüsusi bacarıq və ya vergi olmadığını, sadəcə texnika və alətlər dəsti olduğunu, digər lazımlı vərdişlər kimi, bunun da öyrənməklə mümkünlüyünü qeyd edib. Məruzəçi nitqini yazıçı, ictimai xadim D.A.Qraninin “İnsanın hakim olduğu ən dəyərli məqam onun həyatıdır. Ancaq bu həyata ətraflı olaraq baxsaq, demək olar ki, ən dəyərli hissə – zamandır, çünki həyat zamandan ibarət olur, o isə saat və dəqiqələrdən ibarətdir” fikirləri ilə yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.