ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutunda ilk dəfə tələbələrə vəsiqələr təqdim edilib

Bakı, 1 noyabr, AZƏRTAC 

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrə vəsiqələrinin təqdim edilməsi ilə bağlı tədbir keçirib.

Aİİ-dən AZƏRTAC-a bildiriblər ki, rektor Ceyhun Məmmədov ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən böyük uzaqgörənlik və qətiyyətlə davam etdirilən dövlət-din siyasətinin uğurlarından danışıb. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Aİİ-nin yaradılmasının bu istiqamətdə atılmış mühüm addımlardan biri olduğunu nəzərə çatdıran C.Məmmədov bu ali təhsil müəssisəsinin dövlətin xüsusi diqqət və qayğısı ilə tam əhatə olunduğunu bildirib. Aİİ-nin nəinki ölkəmizdə, hətta bütün dünyada seçilən ali təhsil müəssisəsinə çevrilməyi qarşısına məqsəd qoyduğunu bildirən rektor bununla bağlı tələbələrin üzərinə düşən böyük məsuliyyəti xatırladıb.

Bildirilib ki, şəffaf, modern, qabaqcıl meyarlar ilə formalaşdırılan İnstitutda dünya standartlarına cavab verən yüksək təhsilin verilməsi nəzərdə tutulur. Tələbələri yaradılmış şəraitdən maksimum yararlanmağa, dərslərdə fəal olmağa, dil bilgilərinə yiyələnməyə, ictimai həyatda fəallıq göstərməyə çağıran rektor gəncləri göstərilən etimadı doğrultmağa səsləyib. C.Məmmədov tələbələrə dinin mahiyyətini və əsaslarını, milli adət-ənənələrimizi, böyük dövlətçilik irsimizi dərindən mənimsəməyi tövsiyə edib.

Aİİ-də qarşılıqlı etimada əsaslanan şəffaf müəllim-tələbə münasibətlərinin hökm sürməsi üçün tələb olunan bütün addımların atılacağını bildirən C.Məmmədov bu məqsədlərə çatmaq üçün tələbələri institutun rəhbər və müəllim heyəti ilə fəal əməkdaşlığa dəvət edib.

Sonra rektor tələbələrə Aİİ-nin vəsiqələrini təqdim edərək, onları institutun ilk vəsiqəsini daşımaları münasibətilə təbrik edib. Tədbirdə, həmçinin digər cari məsələlərlə bağlı müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, Aİİ-də təhsil ödənişsizdir, tələbələr bütün fənlər üzrə pulsuz dərsliklərlə təmin ediliblər. Yaxın gələcəkdə tələbələrin pulsuz geyim, yemək və yataqxana ilə təmin olunmaları planlaşdırılır. İnstitutda dünya standartlarına uyğun yüksək təhsilin verilməsi üçün zəruri olan bütün tələblər yerinə yetirilib. Sinif otaqları müasir dövrün tədris metoduna uyğun avadanlıqla təchiz edilib, dərslərdə ənənəvi üsullarla yanaşı, müasir metodlar da tətbiq olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.