ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutunda imtahan sessiyası dövründə “açıq qapı” günləri keçiriləcək

Bakı, 7 yanvar, AZƏRTAC 

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı növbəti iclas keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, yığıncaqda imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi, təhsil müəssisəsində imtahan qərargahının yaradılması, bu qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb lazımi tədbir görülməsi müzakirə edilib. Eyni zamanda, imtahanlarda şəffaflığın təmin edilməsi üçün ictimaiyyət nümayəndələrinin və tələbələrin valideynlərinin iştirakına şərait yaradılması məsələləri diqqətə çatdırılıb.

Qeyd edilib ki, sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə operativ qərargah yaradılıb. İnstitutun binasında müraciət və təklif qutuları asılıb. Bildirilib ki, Aİİ-də imtahanlar ictimaiyyətə açıq keçirilir. İmtahan sessiyası dövründə valideynlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə “açıq qapı” günlərinin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, apellyasiya komissiyasına müraciət formaları, imtahanda iştirak edəcək müəllim-əlaqələndiricilər haqqında təlimatlar və digər vacib məsələlərə dair müzakirələr aparılıb.

Bildirilib ki, institutun 2018/2019-cu tədris ilinin ilk payız semestrinin imtahan sessiyası yazılı, test və şifahi olaraq keçirilir. İmtahanlar arasında vaxt 2 gündən az olmayaraq təyin edilib. İmtahana ayrılan vaxt isə 2 saat müəyyənləşdirilib. İclas iştirakçıları imtahan prosesində yarana biləcək xoşagəlməz halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun mütəşəkkil təşkil olunması barədə xəbərdar ediliblər.

Qeyd edək ki, Aİİ-də imtahan prosesi zamanı ictimaiyyət nümayəndələri, QHT rəhbərləri və tələbələrin valideynlərinin iştirakı ilə “açıq qapı” günlərinin təşkil olunması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.