ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutunun “Din araşdırmaları” jurnalının növbəti nömrəsi nəşr olunub

Bakı, 3 avqust, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) elmi fəaliyyətinin əsas göstəricilərindən biri olan “Din araşdırmaları” jurnalının 8-ci nömrəsi nəşr olunub.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Jurnalın məqsədi ölkəmizdə və dünyada din sahəsində tədqiqat aparan alimlərin məqalələrini elmi ictimaiyyətə təqdim etməkdən ibarətdir. İldə iki dəfə nəşr olunan jurnalın yeni sayında 8 məqalə yer alıb. Din sosiologiyası, təfsir, İslam məzhəbləri tarixi, fəlsəfə, İslam hüququ, təsəvvüf, multikulturalizmə dair qələmə alınmış elmi məqalələr öz sahəsinin peşəkar və nüfuzlu tədqiqatçıları tərəfindən təqdim edilib. Jurnalda Azərbaycan, türk və ərəb dillərində də məqalələr dərc olunub. Nəşrin redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Pakistan, Qazaxıstan, İran və İsveçrənin ali təhsil müəssisələrində çalışan tanınmış alimlərdir.

Jurnalın nəşr qaydaları Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə, həmçinin bu sahədəki beynəlxalq standartlara uyğun olaraq hazırlanıb.

Azərbaycan İlahiyyat İnstitutu ali dini təhsil üzrə ixtisaslaşmış müəssisədir. İnstitut din sahəsi də daxil olmaqla, ictimai elmlərin müxtəlif istiqamətlərində monoqrafiya, dərslik, dərs vəsaiti, proqram və məqalələrin nəşrinə üstünlük verir.

Akademik nəşrlər ali təhsil müəssisələrinin elmi fəaliyyətinin əsas göstəricilərindən biridir. Gələcəkdə “Din araşdırmaları” jurnalının tanınmış beynəlxalq indekslərə daxil edilməsi nəzərdə tutulur.

“Din araşdırmaları” jurnalı 2020-ci ildən AAK tərəfindən fəlsəfə və psixologiya üzrə elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.