ELM VƏ TƏHSİL
Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları Aşura günü ilə bağlı qan veriblər
Bakı, 13 sentyabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Aşura günü ilə bağlı qanvermə aksiyası keçirib.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, aksiyada bu ali təhsil ocağının əməkdaşları iştirak ediblər. Aksiyada əldə olunan qan hemofiliyalı xəstələrin müalicəsinə sərf ediləcək.
Aşura günü qanvermə aksiyalarının təşkil olunması Azərbaycanın dini ənənələrə və xüsusən də Kərbəla hadisəsinin qeyd edilməsinə daha bir humanist töhfəsidir. Ümidvarıq ki, dünyanın digər bölgələrindən olan müsəlmanlar da Azərbaycandakı mövcud bu humanist ənənəni mənimsəyərək Məhərrəmlik mərasimlərini İslamın və Kərbəla şəhidlərinin şəninə uyğun qeyd edəcəklər.
Fəaliyyətində Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişafını əsas məqsəd hesab edən Aİİ bundan sonra da hər il Aşura mərasimi ilə əlaqədar qanvermə aksiyaları keçirməyi planlaşdırır. Bundan əlavə, institutda Azərbaycan cəmiyyətini düşündürən və narahat edən mövzularla bağlı silsilə maarifləndirmə tədbirlərinin, o cümlədən Kərbəla hadisələrinə həsr olunan tədbirlərin təşkili də nəzərdə tutulub. Belə ki, sentyabrın 19-da institutun təşkilatçılığı ilə “Kərbəla hadisəsinə tarixi, sosio-psixoloji və ədəbi baxış” mövzusunda tədbir keçiriləcək.