ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutunun ilk tədris ilinə hazırlığı barədə müzakirələr aparılıb

Bakı, 15 sentyabr, AZƏRTAC

Sentyabrın 15-də Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) bu qurumun fəaliyyəti, tədris hazırlığı ilə bağlı iclas keçirilib.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə yeni fəaliyyətə başlayan institutun quruculuğu ilə bağlı yekun nəticə, ilk tədris ilinə hazırlıq məsələləri və qarşıda duran vəzifələr müzakirə olunub.

Əvvəlcə Aİİ-nin rektoru Ceyhun Məmmədov institutun kollektivini ilk tədris ilinə başlamaları münasibətilə təbrik edib, onlara bu şərəfli və məsuliyyətli yolda uğurlar arzulayıb.

İnstitutun ümumi fəaliyyətindən, bu günədək görülən işlərdən, cari tədris ilində təhsil müəssisəsinin qarşısında duran vəzifələrdən danışan C.Məmmədov qeyd edib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi təhsilə, mədəniyyətə, milli mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət ayrılır. Aparılan dövlət-din siyasətinin uğurlarından bəhs edən rektor Aİİ-nin yaradılmasının bu istiqamətdə atılan ən vacib addımlardan biri olduğunu bildirib. Diqqətə çatdırılıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan din siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu da bu sahəyə xüsusi qayğı göstərir. Gənc nəslin sağlam ruhda yetişməsinin, dünya standartları ilə ayaqlaşan yüksək təhsillə təmin olunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayan C.Məmmədov Aİİ-nin bu sahənin inkişaf etdirilməsi üçün müəyyənləşdirdiyi hədəfləri diqqətə çatdırıb. Bu mərhələyə qədər institutda tələb olunan strukturun təşkili, müəllim heyətinin formalaşdırılması, tədris standartlarının hazırlanması, tələbə qəbulunun başa çatdırılması kimi bütün işlərin uğurla həyata keçirildiyini bildirən rektor cari il üçün Aİİ-nin qarşısında duran vəzifələrdən danışıb. C.Məmmədov deyib: “İnstitut heyəti olaraq var gücümüzü sərf edib Aİİ-ni nəinki ölkəmizdə, hətta bütün dünyada seçilən ali təhsil müəssisəsinə çevirməyi bacarmalı, göstərilən yüksək inam və etimadı doğrultmalıyıq”.

Sonra institutun daxili nizam-intizam qaydaları, sağlam-korporativ komanda fəaliyyətinin təşkili, müəllim-tələbə münasibətlərinin yüksək meyarlar üzərindən tənzimlənməsi, tədris proqramının və vəsaitlərin təmin edilməsi, texniki təchizat kimi vacib məsələlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.