ELM VƏ TƏHSİL
Azərbaycan İlahiyyat İnstitutunun kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
Bakı, 12 dekabr, AZƏRTAC
Ulu öndər Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün İslam dünyasının tanınmış simalarındandır. Ümummilli lider Azərbaycanla Şərq və Qərb ölkələri arasında əməkdaşlığın genişləndirilməsinə əvəzsiz töhfələr bəxş edib, siyasi, iqtisadi, mədəni əlaqələrin sürətli inkişafını təmin edib.
Dekabrın 12-də Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) kollektivi ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib.
Ali təhsil müəssisəsinin nümayəndələri Azərbaycan xalqının xilaskarı, müasir müstəqil dövlətimizin qurucusu, respublikamızı sarsılmaz, dönməz yüksəliş yoluna çıxarmış əbədi inkişaf strategiyasının müəllifi ulu öndər Heydər Əliyevin xatirəsini hörmət və ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri düzüblər.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, xalqımızın yüksək mənəvi dəyərlərini qoruyaraq bütövlükdə sağlam cəmiyyətin formalaşmasını təmin etmək, onun tarixi yaddaşını, milli-mənəvi dəyərlərini gələcək nəsillərə ötürmək kimi tarixi vəzifəni məhz ümummilli lider Heydər Əliyev uğurla həyata keçirməyə nail olub. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişib, bu zəngin xəzinənin qorunmasına dövlət səviyyəsində böyük qayğı və diqqət göstərilib, qapıları uzun müddət bağlı qalan müqəddəs ibadət ocaqları fəaliyyətini bərpa edib, onların təmiri və inşası geniş vüsət alıb.