ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi yanında İctimai Nəzarət Şurasının onlayn iclası təşkil olunub

Bakı, 8 iyul, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbərliyi yanında İctimai Nəzarət Şurasının onlayn iclası keçirilib.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, “Zoom” proqramı vasitəsilə keçirilən onlayn iclasda çıxış edən institutun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov Azərbaycan Respublikası ərazisində koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi təxirə salındığını diqqətə çatdırıb. O qeyd edib ki, Aİİ-də cari tədris prosesi ilkin olaraq videodərslər formasında, daha sonra isə Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq onlayn şəkildə “Microsoft Teams” platforması üzərindən keçirilib. Rektor “Microsoft Teams” platformasının üstünlüklərindən danışaraq bildirib ki, məsafədən dərslərə qoşula bilməyən tələbələrin daha sonra proqramdan istifadə etmək imkanları olub.

Aİİ rəhbəri imtahanların keçirilmə qaydası ilə bağlı Elmi şuranın qərarlarını açıqlayaraq, yay imtahan sessiyası ərzində tələbələrin imtahanlarda iştirak, müvəffəqiyyət və keyfiyyət göstəricilərini diqqətə çatdırıb.

Yay mövsümünün pandemiya və xüsusi karantin dövrünə təsadüf etdiyini qeyd edən rektor tələbələr üçün bu müddətdə motivasiya xarakterli təlimlərin, yarış və müsabiqələrin, həmçinin onlayn kursların təşkilinin nəzərdə tutulduğunu vurğulayıb.

Nəzarət Şurasının üzvü – təhsil üzrə ekspert, professor Şahlar Əsgərov Aİİ-ni çoxəsirlik İslam mədəniyyətinin ənənələrini davam etdirən elm ocağı adlandıraraq, təhsil, təlim-tərbiyə prosesinə dair tövsiyələrini verib.

Təhsil üzrə ekspert Nadir İsrafilov pandemiya dövründə onlayn dərslərin təhsilimizə qazandırdığı təcrübədən bəhs edib.

Milli Məclisin deputatı Arzu Nağıyev çıxışında Aİİ-nin bir sıra dünya universitetlərinin təcrübəsindən yararlandığını önə çəkib. Qərb universitetlərinin apardığı distant təhsil nümunələrini diqqətə çatdıraraq, ali təhsil ocağının öncül təcrübələrdən istifadəsini yüksək qiymətləndirib.

“İki sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə Aİİ-nin qısa zaman ərzində ölkənin ictimai-siyasi həyatında nüfuz qazandığını vurğulayaraq, əməkdaşlarının məqalələrinin humanitar sahədə dünyanın nüfuzlu jurnallarında dərc olunmasını yüksək qiymətləndirib.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev isə Aİİ-nin yaradılmasının və fəaliyyətinin cəmiyyət üçün vacibliyini vurğulayaraq, institutun din sahəsində mütəxəssis yetişdirməsinin əhəmiyyətini diqqətə çatdırıb.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimai-siyasi proqramlar departamentinin direktoru Anar Yusifoğlu Aİİ-nin fəaliyyətini yüksək qiymətləndirib və cəmiyyət üçün dəyərli mütəxəssis yetişdirən bu ali təhsil ocağına uğurlar arzu edib.

Xatırladaq ki, İctimai Nəzarət Şurasının əsas məqsədi Aİİ-nin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, institut ilə ictimaiyyət arasında səmərəli əlaqələrin təşkili, aşkarlığın və şəffaflığın təmin olunması, əməkdaşların və təhsil alanların hüquqlarının müdafiəsi və fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflər verilməsindən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.