ELM VƏ TƏHSİL
Azərbaycan İlahiyyat İnstitutunun tələbələri arasında “40 hədis” yarışması keçirilib
Bakı, 12 mart, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri arasında “Zoom” platforması üzərindən “40 hədis” yarışması keçirilib.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, yarışmanın münsiflər heyətində institutun İlahiyyat fakültəsinin dekan müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Kövsər Tağıyev, müəllimlərdən – ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Namiq Abuzərov, fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov təmsil olunublar.
İnstitutun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov qeyd edib ki, dərin dini və dünyəvi biliklərə, yüksək intellektə malik kadrların yetişdirilməsi Aİİ-nin qarşıya qoyduğu vəzifələrdəndir. Belə yarışmalar gənclərin ümumi biliyini və dünyagörüşünü artırır, onlara öz biliklərini sərbəst ifadə etmək təcrübəsi qazanmağa imkan verir.
Rektor vurğulayıb ki, fiqh, hədis, əqaid elmləri üzrə tələbələr arasında mütəmadi olaraq müsabiqələr təşkil ediləcək.
Müsabiqədə iştirak edən tələbələrə uğurlar arzulayan A.Şirinov bildirib ki, hədislər müqəddəs Qurani-Kərimdən sonra İslam dinində mənbə rolu oynayır. Hədislərin öyrənilməsi, hifz olunması, gələcək nəsillərə çatdırılması dini baxımdan vacibdir.
Fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov gənclərə müsabiqənin şərtləri haqqında ətraflı məlumat verib, yarışmanın Aİİ yaradıldığı gündən etibarən ənənəvi formada təşkil olunduğunu qeyd edib.
Tələbələr tərəfindən maraqla qarşılanan yarışmada qaliblər münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən olunub. Beləliklə, “40 hədis” yarışmasında birinci yerə Fərid Qasımzadə, ikinci yerə Peyman Xəlilov, üçüncü yerə isə Bəhruz Orucov layiq görülüblər.
Müsabiqənin sonunda qaliblər mükafatlandırılıb, iştirakçılara diplom və təşəkkürnamələr təqdim edilib.
Qeyd edək ki, ali təhsil müəssisəsində tələbələrin dünyagörüşünün formalaşdırılması, intellektual səviyyələrinin, elmi biliklərinin artırılması, gələcəkdə mütəxəssis kimi yetişmələri üçün müxtəlif yarışmalar, müsabiqələr keçirilir.