SİYASƏT
Azərbaycan-İndoneziya parlamentlərarası əlaqələri müzakirə edilib
Bakı, 3 iyul, AZƏRTAC
İyulun 3-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri İndoneziya Xalq Məşvərət Məclisinin nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Əli Hüseynli Azərbaycan və İndoneziya xalqlarının dost, qardaş xalqlar olduğunu deyib. Bildirib ki, coğrafi baxımdan ölkələrimizin bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, xalqlarımızı ortaq ənənələr, din birləşdirir.
Əli Hüseynli qeyd edib ki, İndoneziya son illər iqtisadi baxımdan sürətlə inkişaf edir. İndoneziyanın Azərbaycanla sıx siyasi, iqtisadi, mədəni əlaqələri var. Bu əlaqələrin, eləcə də parlamentlərarası münasibətlərin daha da inkişafı üçün bu cür səfərlər çox vacibdir.
Nümayəndə heyətinin rəhbəri Zainut Tauhid Saadi Azərbaycana səfərdən məmnunluqlarını bildirib, ölkəmizdə gördüklərinin onlarda xoş təəssüratlar yaratdığını qeyd edib. O, Azərbaycan ilə İndoneziya arasında bir çox oxşarlıqların olduğunu söyləyib.
Qonaq ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlığın inkişafının məmnunluq doğurduğunu deyib, həmçinin parlamentlərarası əlaqələrin möhkəmləndirilməsinin önəmini vurğulayıb. O, turizm sahəsində əməkdaşlığın genişləndirilməsinin də zəruriliyini qeyd edib.
Komitənin üzvləri Elşən Musayev, Çingiz Qənizadə, Tahir Kərimli Azərbaycan və İndoneziya xalqlarını bir çox dəyərlərin, ənənələrin birləşdirdiyini qeyd ediblər. Onlar qanunverici orqanlar arasında əlaqələrin inkişafının vacibliyini bildiriblər.
Görüşdə qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da ətraflı məlumat verilib.