MƏDƏNİYYƏT


Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti çərçivəsində növbəti panel

Bakı, 28 oktyabr, AZƏRTAC

Oktyabrın 28-də Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti çərçivəsində “Regionun əsas sosial və iqtisadi çağırışları: Nizami Gəncəvi üzrə baxış” mövzusuna həsr olunmuş panel keçirilib.

AZƏRTAC xəbər verir ki, paneldə Nizami Gəncəvi fəlsəfi baxışları ətrafında fikir mübadiləsi aparılıb, insanın daxilində yaranan böhrana qalib gəlməsi və ümumilikdə multikultural bir cəmiyyətin qurulması üçün dahi mütəfəkkirin ideyalarına qayıtmağın vacibliyi vurğulanıb.

Tədbirdə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxış edərək bildirib ki, bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bununla əlaqədar Prezident İlham Əliyev ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamdan irəli gələrək böyük söz sərrafının yaradıcılığının daha geniş tədqiqinə, daha dərindən öyrənilməsinə və onun bənzərsiz poeziyasının dünyada geniş təbliği işinə töhfə olaraq il ərzində dahi şairə həsr olunmuş silsilə tədbirlər keçirilir.

“Nizami əsərlərində bütün fikrini cəmiyyətə, insanlar arasında münasibətlərin tənzimləməsinə yönəldib. O, insan cəmiyyətinə ensiklopedik formada yanaşıb və onun həlli yollarını göstərib. Elə bir məsələ yoxdur ki, Nizami əsərlərində ona toxunmasın. Azərbaycanda multikultural bir cəmiyyətin yetişməsində, şübhəsiz, Nizami Gəncəvinin rolu var. Gəncədən çıxmayan Nizami Gəncəvinin əsərlərinə diqqət yetirsək, orada böyük coğrafiyanı əhatə etdiyini görərik. “İskəndərnamə” poemasında, yaşadığı yerdən uzaq bir məmləkətdə bir padşahı özünə obraz seçməsi və onu ideal bir hökmdara çevirməsi, yaxud da hərəsi bir milləti təmsil edən “Yeddi gözəl” əsəri… Nizaminin “Xəmsə”sini oxuyan şəxs onun fəlsəfəsini daha dərindən anlayacaq. Onun XII əsrdə əsərlərində yaratdığı humanizm ideyaları Avropada neçə-neçə əsrlərdən sonra yaranıb. Bu mənada Azərbaycan bir çox inkişaf etmiş ölkələrə bir nümunə ola bilər”,- deyə E.Əliyev vurğulayıb.

Sonra iclasda İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin baş katibi, professor Mahmut Erol Kılıç, hindistanlı alim Nasim Əhmədşah və Kəşmir Universitetinin professoru Ghulam Nabi Khak çıxış ediblər.

Bildirilib ki, Nizami Gəncəvi kimi böyük şəxsiyyətləri öyrənmək, tədqiq etmək, onun ideyalarını yaymaq çox vacibdir. Nizami yaradıcılığını uşaqlara məktəbdə mükəmməl öyrətmək lazımdır. Çünki onun yazdıqları başdan-başa həyat dərsi, ibrətamiz bir mənbədir.

Diqqətə çatdırılıb ki, insan özünü tanıdıqdan sonra Allahını tanıya bilər. Bunun üçün hər kəs dahi şəxsiyyətləri, alimləri tanımalıdır, çünki cəhalət alimləri tanımamaqdan başlayır.

Qeyd edək ki, Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (İCYF) təşkilatçılığı ilə keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.