CƏMİYYƏT
Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş sahəsində 25 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO
Bakı, 19 noyabr, AZƏRTAC
Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması, işğal altındakı sərhədlərimizin azad edilməsindən sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması işləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bu tədbirlər çərçivəsində dövlət sərhədinin işğaldan azad olunmuş sahəsində şəxsi heyətin və hərbi nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi üzrə DSX-nin mühəndis-istehkam bölmələri tərəfindən mina və partlamamış döyüş sursatlarının axtarışı, aşkarlanması və zərərsizləşdirilməsi fəaliyyətləri, eləcə də sərhəd mühafizə infrastrukturunun bərpası və yenidən qurulması xüsusi əhəmiyyət kəsb edir.
Noyabrın ötən dövrü ərzində DSX-nin mühəndis-istehkam bölmələri tərəfindən Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş sahəsinin 25 hektar ərazisi mina və partlamamış hərbi sursatlardan təmizlənib, nəticədə 38 ədəd PMN-2 markalı piyada əleyhinə mina aşkarlanaraq partlayış üsulu ilə zərərsizləşdirilib.
Göstərilən istiqamətdə dövlət sərhədi boyunca 1230 metr məsafədə mühəndis çəpərlərinin quraşdırılması tamamlanıb, 1300 metr məsafədə işlər davam etdirilir.