İQTİSADİYYAT
Azərbaycan-İran əlaqələrinin inkişafı perspektivləri müzakirə edilib VİDEO
Bakı, 6 avqust (AZƏRTAC). Avqustun 6-da Bakıda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan tərəfindən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Dövlət Komissiyasına müvafiq dövlət qurumlarının yüksək vəzifəli rəsmiləri daxildir. İran tərəfi isə iclasda bu ölkənin rabitə və informasiya texnologiyaları naziri, Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
İclasda çıxış edən Dövlət Komissiyasının həmsədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev iki qonşu ölkə olan Azərbaycan və İran arasında siyasi, iqtisadi və sosial-humanitar əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, əməkdaşlığın bərabərhüquqlu və faydalı tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb. Azərbaycan-İran münasibətlərində qarşılıqlı etimadın yaradılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Dövlət başçılarının son 20 il ərzində 16 rəsmi və işgüzar səfəri, eləcə də müxtəlif beynəlxalq tədbirlər çərçivəsində çoxsaylı görüşləri və əldə edilmiş razılaşmalar bu münasibətlərin daha da dərinləşməsində böyük rol oynayıb. Bu ilin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə Davosdakı görüşü, eləcə də Prezident İlham Əliyevin bu ilin aprelində İran İslam Respublikasına rəsmi səfəri zamanı keçirdiyi yüksək səviyyəli görüşlər, müxtəlif sahələrdə imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafına əhəmiyyətli töhfə verib. İndiyədək iki ölkə arasında 103 sənəd, o cümlədən iqtisadi sahədə 30-a yaxın sənəd imzalanıb. Nazir Şahin Mustafayev qeyd edib ki, Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyəsi və geniş müqavilə-hüquqi baza iqtisadi münasibətlərin inkişafına böyük imkanlar yaradır. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət əlaqələri genişlənir. 2013-cü ildə Azərbaycan və İran arasında ticarət dövriyyəsi 7 faiz artıb. Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 441 İran investisiyalı şirkət fəaliyyət göstərir. İran tərəfindən Azərbaycanda əsas kapitala 382 milyon dollar, qeyri-neft sektoruna isə 105 milyon dollar investisiya yatırılıb. Təkcə 2013-cü ildə İranın əsas kapitala sərmayələrinin həcmi 158 milyon dollar təşkil edib. Bununla belə, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də ticarət və investisiya sektorlarında əməkdaşlığın inkişafı üçün böyük imkanlar vardır.
Azərbaycan ilə İran arasında iqtisadi əlaqələrin inkişafında 9-cu iclası keçirilən Dövlət Komissiyasının fəaliyyətinin əhəmiyyətini qeyd edən Ş.Mustafayev Komissiyanın əvvəlki iclaslarından ötən dövr ərzində görülmüş işlər barədə məlumat verib.
Qeyd edilib ki, ölkələrimiz arasında hüquq-müqavilə bazasının genişləndirilməsi, iqtisadi, sənaye, energetika, nəqliyyat, rabitə və informasiya texnologiyaları, kənd təsərrüfatı, eləcə də humanitar sahələrdə əməkdaşlığın inkişafı istiqamətində əhəmiyyətli işlər görülüb. Bu ilin aprelində Azərbaycan Respublikası Prezidentinin İrana səfəri zamanı “Ordubad” və “Marazad” Su Elektrik stansiyalarının tikintisi və istismarı haqqında Saziş” imzalanıb. Naxçıvan ilə İranın Şərqi Azərbaycan vilayəti arasında Culfa-Culfa (İran) yeni avtomobil yolu körpüsünün istifadəyə verilməsi nəqliyyat əlaqələrinin genişlənməsi, beynəlxalq tranzit yüklərin daşınması, vətəndaşların rahatlığının təmin olunması baxımından xüsusi önəm kəsb edir. Bundan başqa, Komissiyanın əvvəlki iclaslarından ötən dövr ərzində energetika, rabitə və yüksək texnologiyalar, kənd təsərrüfatı, turizm, təhsil, səhiyyə, meliorasiya və mədəniyyət sahələrində də müxtəlif tədbirlər həyata keçirilib. Ş.Mustafayev qeyd olunan sahələrlə yanaşı, ticarət, investisiya qoyuluşu, bank sahəsində də əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.
Bildirilib ki, əlverişli coğrafi-iqtisadi mövqeyi, təbii resurslar və xammal ehtiyatları ilə zənginliyi, Şimal-Cənub və Şərq-Qərb istiqamətlərində geniş tranzit potensialı, iqtisadi imkanlarının ilbəil genişlənməsi, böyük sənaye potensialı və digər iqtisadi amillər həm Azərbaycanın, həm də İranın regional əhəmiyyətini artırmaqdadır. Hər iki ölkənin böyük iqtisadi resursları regionun inkişafına təkan verir.
Regionda yalnız bir ölkə, Azərbaycan ərazilərini işğal etmiş və 1 milyondan artıq soydaşımızın doğma torpaqlarından, yurd-yuvasından qaçqın və məcburi köçkün düşməsinə səbəb olmuş, tarixi abidələri, məscid və ibadətgahları, qəbiristanlıqları dağıtmış, Azərbaycan xalqına qarşı Xocalı soyqırımını törətmiş təcavüzkar Ermənistan regional proseslərdən kənarda qalıb. Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, bir sıra qonşu ölkələrə torpaq iddiaları regional əməkdaşlığın, xüsusilə iqtisadi əlaqələrin inkişafına ciddi maneələr törədir, iqtisadi potensialın tam reallaşmasını məhdudlaşdırır. Ermənistanın işğalçılıq siyasəti nəticəsində digər region ölkələrinin inkişafı fonunda bu təcavüzkar ölkədə sosial-iqtisadi ressesiya yaşanır, ölkə regional layihələrdən kənarda qalır, demoqrafik uçuruma yuvarlanır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Naxçıvanın da blokadaya alınması ilə nəticələnib. Belə vəziyyətdə yaşayan Naxçıvanın problemlərinin həll edilməsində İranın dost və qonşu münasibəti xüsusilə əhəmiyyətlidir.
Azərbaycan üçün ən ağrılı problem olan bu münaqişənin həlli üçün Ermənistanın təcavüzkar və işğalçı addımlarının qarşısının alınması, eləcə də tarixi ədalətin bərpa edilməsi istiqamətində qonşu İranın ölkəmizin ədalətli mövqeyini davamlı dəstəkləməsi, Ermənistana təzyiqin gücləndirilməsi çox önəmlidir.
İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi komissiyanın iclasının təşkilinə göstərilən diqqətə və səmimi qəbula görə Azərbaycan tərəfinə təşəkkür edib. Azərbaycan ilə İran arasında əlaqələrin əsasının xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğu söyləyib. Mahmud Vaezi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrana rəsmi səfərindən və Prezident Həsən Ruhani ilə görüşündən sonra ölkələrimiz arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb.
İranlı nazir ölkələrimizin iqtisadi əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu və mövcud imkanlardan səmərəli istifadənin Azərbaycan ilə İran arasında əməkdaşlığın genişləndirilməsində faydalı olacağını diqqətə çatdırıb, bu əlaqələrin inkişaf istiqamətləri barədə fikirlərini bildirib.
İclasda iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə Azərbaycan-İran əməkdaşlığının inkişafına dair müzakirələr aparılıb.
Sonda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Dövlət Komissiyasının həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi imzalayıb.
Sənəddə sənaye, energetika, kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı, nəqliyyat, rabitə və yüksək texnologiyalar, investisiya, ticarət, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın inkişafı, əlaqələrin genişləndirilməsi nəzərdə tutulur.
İran nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Sumqayıt Texnologiyalar Parkının və “Gilan” Tekstil Parkının fəaliyyəti, eləcə də Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış olub.
Avqustun 7-də Azərbaycan-İran biznes forumu keçiriləcəkdir.