SİYASƏT


Azərbaycan-İran əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib

Bakı, 6 aprel, AZƏRTAC 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpurun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə ölkələrimizin rəhbərləri tərəfindən müəyyən edilən strateji xəttə uyğun olaraq, ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib və münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanın və İranın regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasına töhfələri vurğulanıb. Aprelin 5-6-da Xəzər dənizinin hüquqi statusuna dair Xəzəryanı dövlətlərin Bakıda keçirilən iclasının əhəmiyyəti qeyd olunub.

Söhbət zamanı Azərbaycan və İran arasında iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, iki ölkəni birləşdirən nəqliyyat dəhlizlərinin, o cümlədən Şimal-Cənub dəmir yolu xəttinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Nazir Elmar Məmmədyarov aprelin 5-də İranda keçirilmiş Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin dördüncü görüşünün əhəmiyyətinə toxunaraq, üçtərəfli formatda Azərbaycan-İran-Türkiyə əməkdaşlığının regional inkişafa xidmət etdiyini söyləyib. O, Ermənistan-Azərbaycan münaqişəsinin regional sülh və təhlükəsizlik üçün əsas təhdid olduğunu diqqətə çatdırıb. Nazir beynəlxalq ictimaiyyətin mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olması faktını qəbul etdiyini bildirərək, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməli olduğunu vurğulayıb.

İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur Azərbaycan və İran arasında ikitərəfli əlaqələrin dərin tarixə malik olduğunu söyləyərək, əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib. O, ölkəsinin regional sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu vurğulayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə İranın da öz töhfəsini verməyə hazır olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq kəsb edən regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.