SİYASƏT
Azərbaycan-İran parlamentlərarası əlaqələri inkişaf edir
Bakı, 17 yanvar, AZƏRTAC
Yanvarın 17-də Milli Məclisdə İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, işçi qrupun üzvü, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov İran-Azərbaycan əlaqələrindən danışıb. O, parlamentlərarası əlaqələrin inkişaf etdiyini vurğulayaraq dostluq qruplarının bu məsələdə rolunu qeyd edib. Eldar İbrahimov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Həsən Ruhani arasındakı dostluq əlaqələri ölkələrimizin münasibətlərini daha da möhkəmləndirir.
Azərbaycanda hər il mötəbər tədbirlərin, idman yarışlarının keçirildiyini deyən E.İbrahimov nəzərə çatdırıb ki, bu il ölkəmiz növbəti nüfuzlu beynəlxalq yarışa - İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etdiyini xatırladan komitə sədri 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli” olduğunu söyləyib.
Komitə sədri İranın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinin ölkəmizdə yüksək qiymətləndirildiyini vurğulayıb.
İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Salman Xodadadi İranın Azərbaycanla ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu deyib. O, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, elmi və digər sahələrdə əməkdaşlığın daha da inkişafının vacibliyini bildirib. Salman Xodadadi son illərdə iki ölkənin iqtisadi əlaqələrinin inkişafında irəliləyişlər əldə edildiyini, ticarət dövriyyəsinin həcminin artdığını qeyd edib. Bildirib ki, İran ilə Azərbaycan arasında münasibətlərin dərinliyini nəzərə alsaq, ticarət dövriyyəsini daha da artırmaq olar. İran-Azərbaycan parlamentlərarası dostluq qrupu iqtisadi əməkdaşlığın inkişafı üçün əlindən gələni etməyə hazırdır. Dostluq qrupunun sədri iki ölkə arasında həyata keçirilən müştərək iqtisadi layihələrin önəmindən də bəhs edib.
Salman Xodadadi Azərbaycan Prezidenti İlham Əliyevin İranın sabiq Prezidenti Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar verdiyi başsağlığına və dəfn mərasimində nümayəndə heyətinin iştirakına görə İran rəsmiləri və xalqı adından təşəkkürünü bildirib. O, ölkəmizdə gedən sürətli inkişafdan, hər səfərləri zamanı Bakıda şahid olduqları dəyişikliklərdən məmnunluqlarını qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.