SİYASƏT
Azərbaycan, İran və Rusiya prezidentlərinin Moskva görüşü nə vəd edir?
Tehran, 11 aprel, AZƏRTAC
Bu günlərdə Rusiyada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuat nümayəndələrinin suallarını cavablandıraraq bildirib ki, Azərbaycan, Rusiya və İran prezidentlərinin növbəti görüşü bu ilin avqustunda Moskvada keçiriləcək. Nazir nəzərə çatdırıb ki, Azərbaycan üçtərəfli iqtisadi əməkdaşlıq əlaqələrinin genişlənməsində maraqlıdır. Hər üç ölkə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin formalaşmasında iştirak edir və prezidentlər bu beynəlxalq layihənin daha səmərəli olmasına çalışırlar. Hər üç ölkənin prezidentinin ilk Zirvə görüşü 2016-cı ilin avqustunda Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda, ikinci görüş isə 2017-ci ilin noyabrında Tehranda keçirilib.
Bu görüşlərdən ötən dövr ərzində hansı irəliləyişə nail olunub? Ümumiyyətlə, bu formatda əməkdaşlıq dövlətlərə hansı dividendləri gətirir? Bu sualları cavablandırmaq üçün bəzi məqamlara diqqət yetirməyi lazım bilirik.
Əvvəlcə qeyd etmək lazımdır ki, bu formatda keçirilən görüşlərdə əsasən iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunur. Hər üç ölkə neft ölkəsidir və siyasi səbəblərdən dünya bazarında neftin qiymətinin dəyişməsi bu dövlətlərin iqtisadiyyatına təsir göstərir. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ölkələri birləşdirməklə yanaşı, onlara qeyri-neft sektorunun inkişafına imkan verir. Asiyadan Avropaya və əks istiqamətə daşınan yüklərə görə əldə edilən tranzit gəlirlər heç də neft gəlirlərindən az deyil. Mütəxəssislərin hesablamalarına görə, 2025-ci ilə qədər Avropa ilə Asiya qitəsindəki dövlətlər arasında ticarət dövriyyəsinin həcmi 200 milyard dollara çatacaq. İran və Rusiya bu dövriyyədə iştirak edərək yüklərin daşınmasından öz paylarını alacaqlar. Azərbaycana gəlincə isə qeyd etməliyik ki, Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi ölkəyə çevrilir.
Azərbaycan Prezidentinin qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirdiyi islahatlardan biri də ölkəmizin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə cəlb edilməsidir. Məhz Prezident İlham Əliyevin Azərbaycan ilə İranın dəmir yolları sistemlərini birləşdirmək təklifi ölkəmizin beynəlxalq nəqliyyat yollarının kəsişməsi məntəqəsinə çevirib. Bu gün Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əsas komponenti olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin Rəşt-Astara hissəsində isə işlər davam edir. İran Astarası ilə Azərbaycan Astarası arasında 8,5 kilometrlik dəmir yolu istifadəyə verilib və fəaliyyətini davam etdirir. Ötən ay İranda Qəzvin-Rəşt dəmir yolu xətti istifadəyə verildi.
Rusiyanın Xarici Siyasət Tədqiqatları İnstitutunun məlumatına əsasən, 2017-ci ildə İran ilə Rusiya arasındakı ticarət dövriyyəsinin həcmi 1 milyard 707 milyon dollar, 2018-ci ildə bu rəqəm 1 milyard 740 milyon dollaradək artıb. Cari ilin ilk 3 ayında bu dövriyyə 14,2 faiz artaraq 360,7 milyon dollara çatıb. Göründüyü kimi, yalnız iki ölkə arasındakı ticarət dövriyyəsinin artım tempinin müqayisəsi dəhlizin nə dərəcədə səmərəli olduğunu ortaya qoyur. Rusiya ilə İran arasında ticarət dövriyyəsi nə qədər artarsa, Azərbaycanın tranzit gəliri də bir o qədər artacaq. Buraya Avropa ölkələri ilə İranın və başqa Asiya ölkələrinin ticarət dövriyyəsini də əlavə etsək, ölkəmizin tranzit gəlirinin milyard dolları keçəcəyini deyə bilərik.
Rusiyanın Xarici Siyasət Tədqiqatları İnstitutunun rəhbəri Veronika Kraşennikova qeyd edir ki, Rusiya ilə İran arasındakı ticarət dövriyyəsinin 2018-ci ildə və 2019-cu ilin ilk rübündə artması təsadüfi deyil. Bu artım məhz Astara (Azərbaycan)-Astara (İran) şəhərlərini birləşdirən dəmir yolu xətti istifadəyə verildikdən sonra müşahidə edilib. Qəzvin-Rəşt-Astara yolunun Rəşt-Astara hissəsi istifadəyə verildikdən sonra isə hər 3 ölkənin dəmir yolları sistemləri birləşəcək və bu Rusiyaya Fars körfəzi sahillərinə çıxmaq imkanı yaradacaq. Təbii ki, bu fakt idxal-ixrac əməliyyatlarının artmasına, Azərbaycan ərazisindən tranzit yüklərin daşınması həcminin də artmasına təsir göstərəcək.
Lakin Rusiya Şimal-Cənub dəhlizi vasitəsilə həyata keçirdiyi idxal-ixrac əməliyyatlarını yalnız İran ilə məhdudlaşdırmaq fikrində deyil. Ötən ilin noyabr ayında Sankt-Peterburqda keçirilən Rusiya-Hindistan biznes forumunda çıxış edən Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin bildirib ki, 2025-ci ilə kimi Rusiya ilə Hindistan arasındakı ticarət dövriyyəsinin həcmi 30 milyard dollara çatdırılacaq. Bunun üçün hər iki ölkənin böyük potensialı var. Lakin nəqliyyat problemlərinin mövcudluğu ucbatından 2017-ci ildə Hindistan ilə ticarət dövriyyəsi 9,7 milyard dollar olub. Nazirin sözləri heç də təsadüf deyil. Çünki 2025-ci ilə kimi Qəzvin-Rəşt-Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu tam olaraq istismara buraxılacaq. Bununla yanaşı, İranın körfəz sahilindəki Bəndər-Abbas və Sakit Okean sahilindəki Çabahar limanlarındakı yenidənqurma işləri başa çatacaq.
Onu da nəzərə çatdırmaq lazımdır ki, Hindistan da Çabahar limanına böyük maraq göstərir. Təsadüfi deyil ki, bu ölkə limanın yenidən qurulması və müasir avadanlıqlarla təchiz olunması üçün 2 milyard dollar məbləğində kredit ayırıb və bunun müqabilində İran limanın bir hissəsini Hindistan şirkətinin idarəçiliyinə verib.
Bütün bunlarla yanaşı, Şimal-Cənub nəqliyyat dəhlizi yalnız Rusiya-İran, Hindistan-Rusiya arasında deyil, bütün Cənub-Şərqi Asiya və körfəzi ölkələri ilə Avropa arasında yükdaşıma funksiyasını yerinə yetirəcək. Körfəz ölkələri Bəndər-Abbas, Cənub-Şərqi Asiya ölkələri isə Çabahar limanı vasitəsilə yüklərini İrana çatdıracaq və buradan da Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə yüklər Rusiya və Avropa daşınacaq. Azərbaycana çatan yüklər Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropaya daşına bilər.
Beləliklə, məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə regional əməkdaşlığın təklifi və hər üç ölkə prezidentinin Zirə görüşünün keçirilməsi yalnız Azərbaycanın deyil, Rusiya və İranın da maraqlarını əks etdirir. Bu, Azərbaycan Prezidentinin atdığı və beynəlxalq əhəmiyyət daşıyan ən uğurlu siyasi addımlardan biridir. Odur ki, avqust ayında Moskvada İran, Azərbaycan və Rusiya prezidentlərinin növbəti üçtərəfli görüşü də tərəflər üçün faydalı olacaq.
Onu da nəzərə çatdıraq ki, Azərbaycan Prezidentinin səyi ilə ölkəmizin tranzit məntəqəyə çevrilməsi üçün lazım olan infrastruktur layihələr çoxdandır ki, həyata keçirilib. Bakı-Tbilisi-Qars dəmir yolu ilə yanaşı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt-Astara avtomobil yolu və başqa layihələri sadalamaq olar.
Yuxarıda deyilənləri təhlil edərək belə qərara gəlmək olar ki, neft erasının başa çatması Azərbaycan üçün heç bir çətinlik yaratmayacaq. Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycandan keçməsi ölkəmizə iqtisadi dividendlərlə yanaşı, siyasi zəmanət də qazandıracaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran