SİYASƏT


Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib

Ramsar, 5 aprel, AZƏRTAC

Aprelin 5-də İranın Ramsar şəhərində Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.

Görüşdə üç ölkənin xalqları arasında mövcud olan dərin köklərə malik tarixi, dini, mədəni oxşarlıqlar və ümumi dəyərlərin daha güclü həmrəylik üçün xüsusi imkanlar yaratdığına əminlik ifadə edilib. Tərəflər bütün sahələrdə əlaqələrin daha da genişləndirilməsi vasitəsilə regionda sülh, sabitlik, təhlükəsizlik, firavanlıq və əməkdaşlıq həlqəsinin yaradılmasına dair öhdəliklərini təsdiq edib və bu səylərin həmrəylik yolu ilə regional sahiblik hissini gücləndirəcəyini vurğulayıblar. Regionda sülh və sabitliyin möhkəmləndirilməsində birgə maraqlar, bu xüsusda suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və bütün mübahisələrin dinc yolla nizamlanması da daxil olmaqla, beynəlxalq hüququn prinsiplərinə öhdəliklər qeyd edilib. Həmin prinsiplər əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qısa müddətdə həll edilməsinin vacibliyi vurğulanıb.

Nazirlər iqtisadi-ticari əməkdaşlığı gücləndirmək, sərmayə və ticarətin təşviq edilməsi üçün mövcud potensialdan istifadə etmək, həmçinin enerji, nəqliyyat, telekommunikasiya, sənaye, təhsil, elm, mədəniyyət, turizm və idman sahələrində birgə layihə və proqramların həyata keçirilməsi yolu ilə əməkdaşlığı daha da inkişaf etdirmək üçün bütün səyləri gücləndirməyi qərara alıblar. Bundan başqa, regional və qlobal məsələlər üzrə siyasi dialoq, koordinasiya və əməkdaşlığı daha da genişləndirmək məqsədilə üçtərəfli formatda müntəzəm görüşlər keçirilməsinin vacibliyi qeyd edilib.

Görüşün yekunu olaraq Ramsar Bəyannaməsi qəbul edilib. Bəyannamənin tam mətni ilə http://mfa.gov.az/news/909/3992 linkindən tanış olmaq mümkündür.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Ramsar

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.