İQTİSADİYYAT
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində “1-ci Robotexnika yarışı”nda təmsil olunub
Bakı, 31 oktyabr, AZƏRTAC
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində “1-ci Robotexnika yarışı”nda təmsil edilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 27-31-də Özbəkistanın paytaxtı Daşkənddə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində gənclər arasında “1-ci Robotexnika yarışı” keçirilib. Yarışlar 2 kateqoriya – “ROBOT SUMO” və “ROBOT FUTBOL” kateqoriyaları üzrə təşkil olunub.
Yarışda ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə hazırlanan komanda təmsil edib.
AREA-nın təsisçisi Rəhman Rəsulzadənin mentorluq etdiyi, akademiyanın təlimçisi Emin Bayramov və Xəzər Universitetinin tələbəsi Məhəmməd Məmmədlidən ibarət komanda üzvləri “ROBOT SUMO” yarışı üzrə 18-23 yaş kateqoriyasında iştirak edib.
Qeyd edək ki, 100-dən çox ölkədən nümayəndənin qatıldığı yarışda Azərbaycan ilk dəfə olaraq təmsil olunub və 7-ci yerə çıxaraq ilk onluğa düşüb.