REGİONLAR
Azərbaycan İslam dünyasında böyük nüfuza malikdir
Masallı, 20 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Sentyabrın 20-də Masallı şəhərindəki Gənclər Mərkəzində “İslam Həmrəyliyi İli” çərçivəsində “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov milli-mənəvi dəyərlərə ən yüksək səviyyədə önəm verən Azərbaycanın İslam dünyasında böyük nüfuza malik olduğunu diqqətə çatdırıb. 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının və Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsinin ölkəmizin müsəlman dünyasına verdiyi ən böyük töhfələrdən biri olduğunu vurğulayan C.Manafov Azərbaycanın qısa müddətdə aparıcı İslam ölkələrindən birinə çevrildiyini deyib.
“Dəyirmi masa”da rayon təhsil şöbəsinin metodisti Abas Abbasov, Gənclər və İdman İdarəsinin gənclər sahəsi üzrə aparıcı məsləhətçisi Oktay Mütəllimov, fəal gənclərdən Azər İsayev, Niyazi Əliyev, Günay Mehrəliyeva və başqaları çıxış edərək bildiriblər ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkəmizdə dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində görülən işlər dini etiqad azadlığına geniş imkanlar açıb, dini icmaların normal fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradıb.
Diqqətə çatdırılıb ki, Ümummilli Liderin bu sahədəki siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir.