ELM VƏ TƏHSİL
Azərbaycan İslam ölkələri arasında iqtisadi əməkdaşlığa töhfə vermək iqtidarındadır
Bakı, 15 dekabr, AZƏRTAC
Dekabrın 15-də Bakı Slavyan Universitetində (BSU) “2017-ci il İslam Həmrəyliyi İli: Azərbaycanın uğurları və perspektivləri” mövzusunda elmi seminar keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan multikulturalizmi kafedrasının baş müəllimi Mətanət Şadlinskayanın “2017-ci ilin iqtisadi yekunları və perspektivlər” mövzusunda məruzəsi dinlənilib. Son illər Azərbaycanın iqtisadi yüksəlişindən söz açan məruzəçi İslam həmrəyliyini zəruri edən elementlər sırasında siyasi, iqtisadi və mənəvi amillərin yer aldığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan İslam ölkələri arasında iqtisadi əməkdaşlığa mühüm töhfə vermək iqtidarındadır.
“2017-ci ildə Azərbaycan Respublikasının dövlət maraqları ilə bağlı əldə edilmiş nəticələr” mövzusunda məruzə ilə çıxış edən diplomatiya və xarici siyasət kafedrasının müəllimi Oqtay Sadiqov ölkəmizin İslam mədəniyyətinə böyük töhfələr verməsindən danışıb. Gündəmin aktual məsələsi barədə fikirlərini bölüşən Oqtay Sadiqov Qüdslə bağlı keçirilən konfransda Azərbaycanın sülhü, ədaləti müdafiə etdiyini diqqətə çatdırıb. Avrasiyanın mühüm nəqliyyat layihələrindən sayılan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ölkəmiz üçün əhəmiyyətindən danışan məruzəçi bildirib ki, bu marşrut Azərbaycanın iqtisadi gücünün dünyaya çatdırılmasında vacib amildir.
Sonra Azərbaycan multikulturalizmi kafedrasının müəllimi Nərmin Elyasovanın “İslam həmrəyliyi Azərbaycan gənclərinin gözü ilə” mövzusunda məruzəsi dinlənilib. Vurğulanıb ki, Azərbaycan dünyəviliyə, sivilizasiyalararası, dinlərarası dialoqa, müasirliyə münasibətdə həmişə İslam dünyası üçün tolerantlıq nümunəsi olub. Azərbaycan gəncinin Vətəninə, xalqına, milli mənəvi və dini dəyərlərinə sadiq olduğunu vurğulayan Nərmin Elyasova gənclər arasında belə maarifləndirici tədbirlərin təşkilinin islami dəyərlərin qorunması baxımından əhəmiyyətini vurğulayıb.