CƏMİYYƏT
Azərbaycan-İsrail əlaqələri ilə bağlı fikir mübadiləsi aparılıb
Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İsrailin ölkəmizdəki səfiri Corc Diklə görüşüb.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müvəkkil Azərbaycan ilə İsrail arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrinin yalnız iqtisadi-strateji baxımdan deyil, həm də ənənəvi tarixi, mədəni köklərə əsaslandığını, xalqlarımızın daim tarixin çətin dönəmlərində qarşılıqlı anlaşmaya, tolerantlığa əsaslanan birgəyaşayış nümunəsini bütün dünyaya nümayiş etdirdiklərini bildirib.
Səbinə Əliyeva həmsöhbətinə Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti və hərbi təcavüzü nəticəsində kütləvi insan hüquqları pozuntuları barədə məlumat verib. Qeyd edilib ki, beynəlxalq hüququn tələblərini heçə sayan Ermənistanın hərbi və siyasi rəhbərliyi Azərbaycanın mülki yaşayış məntəqələrini qadağan olunmuş artilleriya silahlarından intensiv atəşə tutur. Bunun nəticəsində Azərbaycanın ikinci böyük şəhəri Gəncə başda olmaqla, bir sıra şəhər, rayon və kəndlərində çox sayda mülki şəxs qətlə yetirilib, yaxud müxtəlif dərəcəli xəsarətlər alıb. Həlak olan və yaralanan insanlar arasında uşaqların, qadınların və əlil şəxslərin olması Ermənistanın 1990-cı illərin əvvəllərində olduğu kimi, dinc sakinləri hədəfə alan terror fəaliyyətlərini davam etdirdiyini göstərir.
Diqqətə çatdırılıb ki, Ermənistanın məqsədli şəkildə artilleriya atəşinə məruz qoyduğu mülki yaşayış məntəqələri münaqişə zonasından xeyli uzaqda yerləşir. Bu da öz növbəsində Ermənistan siyasi rəhbərliyinin münaqişə ərazisini genişləndirərək daha çox insan tələfatına yol açmaq, regionda humanitar böhran vəziyyəti yaratmaq məqsədinə xidmət etdiyini bir daha açıq şəkildə sübuta yetirir.
Müvəkkil sentyabrın 27-dən Ermənistanın yeni torpaq iddiası ilə Azərbaycana qarşı başlatdığı hərbi təcavüzü və hərbi təxribatları nəticəsində raket hücumuna məruz qalmış mülki yaşayış məntəqələrinə faktaraşdırıcı missiya çərçivəsində baş çəkdiyini, yaralanan mülki şəxslər və həlak olanların yaxınları ilə görüşdüyünü bildirib. Qeyd olunub ki, araşdırmalar zamanı toplanan faktoloji materiallar əsasında hazırlanan 4 aralıq hesabat aidiyyəti beynəlxalq qurumlara göndərilib.
S.Əliyeva, həmçinin oktyabrın 28-də günorta saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin mülki əhalinin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi ərazisinə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan yenidən zərbələr endirildiyini, nəticədə 20-dən çox mülki şəxsin həlak olduğunu, 60-dan çox şəxsin yaralandığını, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydiyini səfirin diqqətinə çatdırıb.
Səfir Corc Dik qeyd edib ki, Azərbaycan ilə İsrail arasındakı dostluq əlaqələri dərin tarixi köklərə malikdir. İki ölkə arasında iqtisadi, enerji, təhlükəsizlik və turizm sahələrindəki əlaqələr, eyni zamanda, Azərbaycan və İsrail xalqlarının qarşılıqlı münasibətləri çox yüksək səviyyədədir.
Diplomat mülki şəxsləri hədəf alan hərbi hücumların ciddi təəssüf hissi doğurduğunu, vəziyyətlə yaxından tanış olmaq məqsədilə Gəncə və Mingəçevir şəhərlərinə getdiyini, xəsarət alan və mülkləri zərər görən şəxslərlə görüşdüyünü bildirib. Qeyd olunub ki, İsrail dövləti hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu mövqe dəyişməzdir.
Sonra müvəkkil insan hüquqlarının səmərəli müdafiəsi sahəsində hər iki ölkənin Ombudsman qurumları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin zəruriliyini vurğulayıb.
Görüşdə bir sıra digər məsələlər də müzakirə olunub.