MƏDƏNİYYƏT
Azərbaycan İstanbulda keçirilmiş Beynəlxalq turizm sərgisində uğurla iştirak etmişdir
Bakı, 19 fevral (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində ənənəvi “EMİTT 2011” XV Şərqi Aralıq dənizi Beynəlxalq turizm və səyahət sərgisi keçirilmişdir.
Sərginin iştirakçıları arasında dünyanın 50-dən çox ölkəsinin rəsmi turizm qurumları, o cümlədən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin daxili turizm sektorunun müdiri M. Qəhrəmanov, tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun baş məsləhətçisi N. Eminov, “Millenium turizm və Konqress”, “Granit AS Travel”, “Geo Travel”, “Didare Melal Travel”, “Greenwich” turizm şirkətlərinin, “Days Hotel”, “Avropa Hotel” və “Alp İnn” mehmanxanalarının təmsilçiləri, həmçinin Azərbaycan Dövlət mahnı və rəqs ansamblının kollektivi olmuşlar.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sərgidə “Gilan Turizm” şirkəti ölkəmizi ayrıca bir stendlə təmsil etmişdir. Stend vasitəsilə ölkəmizin son illərdə turizm sektorunda əldə etdiyi nailiyyətlər, gözəl təbiəti və dilbər guşələri nümayiş olunmuşdur.
Bundan əlavə, sərginin davam etdiyi müddətdə Azərbaycan Dövlət mahnı və rəqs ansamblının kollektivi hər gün milli rəqslərimizi xüsusi ayrılmış səhnədə nümayiş etdirmişdir. Musiqiçilərimizin hər bir çıxışı alqışlarla qarşılanmışdır.