MƏDƏNİYYƏT
Azərbaycan İstiqlal Muzeyində “Bir amal uğrunda” adlı sərgi açılıb
Bakı, 24 noyabr, AZƏRTAC
Noyabrın 24-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərliyin təbliği məqsədilə ötən ildən etibarən davam edən “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə çərçivəsində “Bir amal uğrunda” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə əşyaları nümayiş olunan şəhidlərin ailə üzvləri Vətən, torpaq uğrunda unudulmaz tarix yazan və gənc ömürlərinə böyük qəhrəmanlıqlar sığdıran cəsur Vətən oğullarından bəhs ediblər. Bildirilib ki, bizlərə Zəfər sevinci yaşadan, 30 illik işğala son qoyaraq doğma Vətənimizin ərazi bütövlüyünün bərpa olunması uğrunda canından keçən qəhrəman şəhidlərimiz heç vaxt unudulmayacaq və onlar hər birimizin qəlbində əbədi yaşayacaqlar: “44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılıb”.
Sonda tədbir iştirakçıları şəhid polkovnik-leytenant Zaur Cəfərov, leytenant Murad Nağıyev, əsgərlər Əsəd Əsədli, Orxan Qəhrəmanov, Sayad Hacıyev və Cavid Cabbarzadəyə məxsus muzeyin fondlarında qorunub saxlanılan 60-a yaxın şəxsi əşyaların nümayiş olunduğu sərgi ilə tanış olublar.