ELM VƏ TƏHSİL


Azərbaycan İstiqlal Muzeyinin 100 illiyinə həsr olunan üçüncü Respublika elmi konfransı

Bakı, 18 iyun, AZƏRTAC 

İyunun 18-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində bu qurumun təşkilatçılığı ilə Azərbaycan İstiqlal Muzeyinin 100 illiyinə həsr olunan “Muzey, arxiv və kitabxanalarda qorunan milli dəyərlərin tədqiqi, təbliği, mühafizəsi və bərpası” mövzusunda III Respublika elmi konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı tariximizin, mədəniyyətimizin tədqiqində və təbliğində muzeylərin rolundan danışıb.

Azərbaycan İstiqlal Muzeyinin inkişaf mərhələləri, fəaliyyəti, müəssisədə saxlanılan eksponatlar haqqında ətraflı məlumat verən akademik N.Vəlixanlı, eyni zamanda, mövzu ilə bağlı fikirlərini bildirib.

Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muzeyşünaslıq kafedrasının dosenti, muzeyşünas Elfira Məlikovanın “Müasir muzey fəaliyyətində yeniliklər”, Bakı Dövlət Universitetinin mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müəllimi Aydın Məmmədovun “Gənc nəslin tarixi yaddaşının formalaşmasında muzeylərin rolu”, MATM-ın elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nərgiz Əliyevanın “Azərbaycan Tarixi Muzeyinin XX əsrin 50-ci illərində ekspozisiya quruculuğu” mövzularında məruzələri dinlənilib.

Məruzəçilər muzey, arxiv və kitabxanalarda qorunan milli dəyərlərin tədqiqi və təbliği istiqamətində həyata keçirilən tədbirlərdən bəhs ediblər. Sonra bölmə iclasları olub.

Qeyd edək ki, Azərbaycan İstiqlal Muzeyi xalqımızın milli-azadlıq hərəkatına dair eksponatların saxlandığı müəssisədir. Muzeydə xəritələr, şəkillər, kitablar, əsginaslar və digər eksponatlar nümayiş etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.