SİYASƏT


Azərbaycan-İsveçrə münasibətləri inkişaf edir

Busnanq, Vaynfelden, 7 noyabr, AZƏRTAC

Noyabrın 6-da Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova ölkənin şimal-şərqində yerləşən, iqtisadi potensialına və maddi rifah səviyyəsinə görə konfederasiyanın qabaqcıl kantonlarından biri olan Turqau kantonunun Vaynfelden və Busnanq şəhərlərində işgüzar səfərdə olub.

AZƏRTAC xəbər verir ki, səfərin başlıca məqsədi Turqau kantonunun işgüzar dairələri ilə əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsi olub.

Səfər zamanı səfir X.İbrahimova əvvəlcə Busnanq şəhərinə səfər edərək "Stadler Rail" şirkətinin vitse- prezidenti Peter Yenelten ilə görüşüb. Görüşdə Azərbaycanın biznes və investisiya imkanları barədə ətraflı məlumat verilib, ölkəmizdə iqtisadi, ticarət və digər sahələrdə aparılan islahatlardan bəhs edilib. Qeyd olunub ki, Azərbaycan-İsveçrə münasibətləri uğurla inkişaf edir, dünyada gedən proseslərə baxmayaraq, ölkəmiz sabit şəkildə iqtisadi inkişafını davam etdirir və böyük tranzit potensialına malikdir. Səfir görüşdə, həmçinin şirkətin Azərbaycanla əməkdaşlığının mövcud vəziyyəti və bu əməkdaşlığın perspektivləri ilə maraqlanıb. Sonra o, şirkətin istehsalat zavoduna baş çəkib.

Vaynfelden şəhərinə səfəri zamanı Azərbaycan səfiri burada yerləşən Turqau Sənaye və Ticarət Palatasının direktoru Peter Maaq ilə görüşüb. Görüşdə X.İbrahimova Azərbaycanın biznes və investisiya mühitinə dair ətraflı məlumat verib, Azərbaycan ilə Turqau kantonu arasında indiyədək bir sıra işgüzar əlaqələrin qurulduğunu, bununla belə, bu əlaqələrin dərinləşdirilməsi və yeni əməkdaşlıqların qurulması üçün geniş imkanlardan yararlanmağın məqsədəuyğunluğunu vurğulayıb. Bu xüsusda, Azərbaycan ilə kanton arasında ticarət əlaqələri ilə yanaşı, qarşılıqlı investisiya qoyuluşu imkanlarının təhlil edilməsi təklif olunub. Görüşün nəticəsi olaraq, qarşılıqlı maraq doğuran sahələr üzrə kantonun iş adamlarından ibarət heyətin Azərbaycana səfərinin təşkilinə və iki tərəfin işgüzar dairələri arasında əməkdaşlıq əlaqələrinin yaradılmasına dair razılıq əldə edilib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Busnanq, Vaynfelden

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.