CƏMİYYƏT
Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının könüllüləri “Vikipediya” təlimlərində iştirak edəcəklər
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının Sosial və elmi araşdırmalar departamenti nəzdində “Vikipediya” qrupunun könüllüləri Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının "Vikipediya" təlimlərində iştirak edəcəklər.
Bu barədə AZƏRTAC-a Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının sədri Emin Rüstəmov məlumat verib.
O bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının “Viki” könüllüləri ilə sıx əməkdaşlığı gücləndiriblər: “Qarşılıqlı əməkdaşlığımız inkişaf etməkdədir. Qrupun sıralarının genişləndirilməsinə və gücləndirilməsinə çalışırıq. İtaliyada təhsil alan tələbələr Mərkəzi Elmi Kitabxananın onlayn “Vikipediya” təlimlərində iştirak edəcəklər. Könüllülərimiz "Vikipediya"nın italyan dil bölməsində Azərbaycanın tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərləri, görkəmli şəxsiyyətləri haqqında məqalələr yaradacaq və mövcud məqalələri zənginləşdirəcəklər. Bununla da italyan dilində informasiya boşluğunun aradan qaldırmağa və ölkəmizin təbliğatını gücləndirməyə nail olmaq istəyirik”.