ELM VƏ TƏHSİL


Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası Gəncə və Goranboy ərazisində tədqiqatlar aparıb

Bakı, 6 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun (AEİ) sektor rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilovun və “Lorenzo de Medici” Beynəlxalq İtaliya İnstitutunun dini tədqiqatlar departamentinin müdiri, professor Nikola Lanerinin həmrəhbəri olduqları Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası Gəncə və Goranboy ərazisində tədqiqatlara başlayıb.

AEİ-dən AZƏRTAC-a bildirilib ki, beynəlxalq ekspedisiyanın tərkibinə İtaliyanın Qədim Aralıq Dənizi Hövzəsi və Yaxın Şərq Tədqiqatı Mərkəzinin nümayəndələri, həmçinin müxtəlif arxeometrik sahələr üzrə Almaniya və Fransadan olan mütəxəssislər cəlb ediliblər.

Arxeoloji qazıntıların əsas obyektləri Gəncə şəhəri ətrafındakı son tunc-erkən dəmir dövrünə və Goranboy rayonu Qaradağlı kəndi ərazisində aşkarlanmış ilk tunc dövrünə aid kurqanlar olub.

AEİ-nin direktoru, professor Maisə Rəhimova ilə görüşən N.Laneri tədqiqatların ilkin mərhələsinin yekunları barədə məlumat verib. Bildirilib ki, Gəncə şəhəri ətrafında hələ 2015-ci ildə Azərbaycan arxeoloqları tərəfindən “GPS” cihazları ilə qeydə alınmış kurqanların müasir tələblərə uyğun tədqiqi və müvafiq konservasiya durumuna gətirilərək, dünyada ilk dəfə bu ərazidə kurqanlardan ibarət nadir arxeoparkın təşkili tədqiqatların perspektivlərinə daxildir. Həmçinin Goranboy ərazisində müasir arxeoloji tədqiqatların tələblərinə uyğun ilk tunc dövrünə aid kollektiv dəfnli kurqanın tədqiqatının ilkin mərhələsi yekunlaşıb. Bu mərhələdə kurqanın örtüyü xüsusi cihazlarla və qeydiyyat proseduraları ilə tədqiq edilib. Kurqanın örtüyündə Kür-Araz mədəniyyətinin son mərhələsinə aid sallama dəfnlər aşkarlanıb.

İtaliyalı alim xüsusi vurğulayıb ki, arxeologiyada Kür-Araz mədəniyyəti problemləri kontekstində nadir təzahür olan kurqanaltı sərdabələr ilk tunc dövrü üçün “Azərbaycan fenomeni” kimi dəyərləndirilməkdədir.

M.Rəhimova aparılan tədqiqatların Azərbaycan və dünya arxeologiyası üçün əhəmiyyətini qeyd edib.

Görüşdə, həmçinin əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.