SİYASƏT


Azərbaycan-İtaliya əlaqələrinin inkişafı yolları müzakirə edilib

Roma, 20 iyun, AZƏRTAC

Milli Məclisin deputatı, Azərbaycan-İtaliya Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Azər Kərimli iyunun 18-20-də İtaliyada səfərdə olub.

AZƏRTAC xəbər verir ki, səfərin həyata keçirilməsində əsas məqsəd İtaliyada keçirilən sonuncu seçkilərdən sonra formalaşmış yeni parlamentdə əsas vəzifəli şəxslərlə görüşlərin keçirilməsi və dostluq qrupunun yenidən formalaşdırılması olub.

Milli Məclisin deputatı əvvəlcə İtaliya Senatının sədri Mariya Kazellati ilə görüşüb. Azər Kərimli Milli Məclisin sədri Oqtay Əsədovun salamlarını Senat sədrinə çatdırıb.

Görüşdə Senatın sədri Azərbaycanın İtaliya üçün əhəmiyyətini yaxşı başa düşdüklərini, istər hökumətlərimiz, istərsə də parlamentlərimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün gərəkli addımların bundan sonra da atılacağını deyib.

Milli Məclisin deputatı ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi üçün rəhbərlik etdiyi işçi qrupun Azərbaycanın İtaliyadakı səfirliyi ilə birlikdə səyləri davam etdirəcəyini diqqətə çatdırıb.

Mariya Kazelatti münasibətlərin inkişafında göstərdikləri səylərə görə Azər Kərimliyə və səfir Məmməd Əhmədzadəyə təşəkkürünü ifadə edib.

Sonra deputat Azər Kərimli İtaliya Senatının xarici əlaqələr komitəsi katibliyinin rəhbəri Covanni Bayokki ilə görüşüb. C.Bayokki İtaliya ilə Azərbaycan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olmasından məmnunluq duyduğunu və ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsi üçün böyük potensialın olduğunu ifadə edib. Deputat mövcud potensialın həyata keçiriləcəyinə əminliyini bildirib.

Milli Məclisin deputatı Azər Kərimli, həmçinin İtaliya senatoru Vito Petroçelli ilə görüşüb.

Həmsöhbətini sonuncu seçkilərdə partiyasının əldə etdiyi uğura görə təbrik edən deputat Azərbaycanın İtaliyanın yeni hökuməti ilə sıx əməkdaşlıq çərçivəsində münasibətləri daha da inkişaf etdirmək əzmində olduğunu bildirib.

Vito Petroçelli partiyasının ilk dəfə iqtidarda olduğunu, lakin Azərbaycan ilə münasibətlərin əhəmiyyətini yaxşı başa düşdüklərini bildirib.

Deputat Azər Kərimlinin İtaliyaya səfəri çərçivəsində parlamentlərarası dostluq qrupunun yenidən təsis edilməsi ilə bağlı rəsmi ziyafət də təşkil edilib.

Azərbaycan Respublikasının Milli Məclisi və Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı və İtaliya parlamentinin dəstəyi ilə təşkil olunmuş tədbirdə İşçi Qrupun rəhbəri Azər Kərimli, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, İtaliyanın bir sıra senatorları və deputatları iştirak ediblər.

İtaliyanın iqtisadiyyat nazirinin müavini Dario Qalli tədbirdə hökuməti adından çıxış edib, Azərbaycan ilə İtaliya arasında münasibətlərin müsbət dinamikaya malik olduğunu və İtaliyanın bu dinamikanı qoruyub-saxlamaq əzmində olduğunu bildirib.

Digər çıxış edənlər də ölkələrimiz arasında əlaqələrin daha da irəliləməsi üçün səylərini əsirgəməyəcəklərini ifadə ediblər.

Görüşlərdə Azərbaycan ilə İtaliya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasında ölkə rəhbərlərinin siyasi iradəsinin mühüm rolu, həmçinin xalqlarımız arasında mədəni-humanitar əlaqələrin yüksək səviyyədə qurulmasında Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin əhəmiyyəti xüsusi vurğulanıb.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.