ELM VƏ TƏHSİL
Azərbaycan–İtaliya elmi seminarının iştirakçıları AMEA YT Parkın məhsulları barədə məlumatlandırılıb
Bakı, 11 aprel, AZƏRTAC
İnnovativ polimerlər üzrə Azərbaycan–İtaliya elmi seminarının iştirakçıları Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkında (YT Park) olublar.
AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyevin başçılıq etdiyi nümayəndə heyətinə İtaliya Milli Tədqiqatlar Şurasının Polimerlər, Kompozitlər və Biomateriallar İnstitutunun direktor əvəzi, professor Luigi Ambrosio, həmin institutun elmi işçiləri Giovanna Buonocoren və Marino Lavorgna daxildir.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov qonaqları rəhbərlik etdiyi müəssisədə istehsal olunan məhsullarla tanış edib.
Seminar iştirakçıları Xəzər regionunda bənzəri olmayan, AMEA-nın Strateji Elmi Analitik Sınaq Mərkəzinə baş çəkib, müasir standartlara cavab verən laboratoriyalara baxış keçiriblər.
Kimya üzrə fəlsəfə doktoru Arzu Əlizadə və keyfiyyət üzrə menecer Kamal Yusifov onlara laboratoriya avadanlığı, mərkəzin imkanları və xidmətləri barədə məlumat verib.
İtaliyalı nümayəndələr AMEA Təcrübə-Sənaye Zavodu və “Millers Oils Azərbaycan” şirkətinin istehsal sahələri ilə də tanış olublar.