SİYASƏT


Azərbaycan Karib Hövzəsi Dövlətləri Assosiasiyasının Zirvə görüşündə təmsil olunub

Bakı, 19 may, AZƏRTAC

Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov Karib Hövzəsi Dövlətləri Assosiasiyasının dövlət və hökumət başçılarının Qvatemalanın Antiqua şəhərində baş tutmuş 9-cu Zirvə görüşündə iştirak edib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, 35-dən çox ölkənin yüksəksəviyyəli nümayəndələrinin iştirak etdikləri tədbir çərçivəsində Məmməd Talıbov Qvatemala Prezidenti Alexandro Ciammatei ilə görüşüb.

Qısa söhbət zamanı səfir M.Talıbov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Qvatemala Prezidentinə çatdırıb, ölkəmizin tədbirdə iştiraka dəvət olunmasına görə minnətdarlığını bildirib.

Qvatemalanın dövlət başçısı öz növbəsində onun da salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Tədbir çərçivəsində səfir M.Talıbov Qvatemalanın xarici işlər naziri Mario Bukaro, Panamanın xarici işlər naziri Xanayna Tevaney və Kosta-Rikanın xarici işlər naziri Arnoldo Andre ilə də ikitərəfli görüşlər keçirib. Görüşlərdə ölkələrimiz arasında mövcud olan dostluq-əməkdaşlıq əlaqələrinin ikitərəfli və çoxtərəfli formatda davam etdirilərək genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Karib Hövzəsi Dövlətləri Assosiasiyasının Baş katibi Rodolfo Sabonc ilə görüşdə Azərbaycanın tədbirdə iştiraka dəvət olunmasına görə təşəkkür bildirilib, ölkəmizin bu Assosiasiya və onun üzv dövlətləri ilə əlaqələri genişləndirməyə hazır olduğu diqqətə çatdırılıb. Baş katib Azərbaycanın Assosiasiyanın dövlət və hökumət başçılarının Zirvə görüşündə ilk dəfə iştirak etməsini yüksək qiymətləndirib, Karib hövzəsi ölkələrinin Azərbaycanla münasibətlərin daha da inkişafında maraqlı olduğunu qeyd edib.

Qeyd edək ki, Qvatemala Prezidentinin sədrliyi ilə keçirilən Zirvə görüşündə “Antiqua Bəyannaməsi” qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.