SİYASƏT
Azərbaycan Karib Hövzəsi Ölkələri Birliyi ilə əməkdaşlıq edəcək
Bakı, 14 may, AZƏRTAC
Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov Azərbaycanın Karib Hövzəsi Ölkələri Birliyi (CARICOM) təşkilatının yanında səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin edilib.
Braziliyadakı səfirliyimizdən AZƏRTAC-a bildiriblər ki, bu barədə məktub CARICOM-un baş katibi İrvin Laroka onlayn formatda təqdim edilib.
Səfir E.Poluxov bu təşkilatı regional təhlükəsizliyinin gücləndirilməsində, demokratiyanın təşviqində əhəmiyyətli platforma kimi qiymətləndirib, ölkəmizin bu proseslərə töhfə verməyinə hazır olduğunu qeyd edib.
Azərbaycanın dünya arenasında özünəməxsus yer tutduğunu bildirən E.Poluxov, qlobal çağırışlara, humanitar böhranlara biganə qalmadığını, səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdə beynəlxalq təşəbbüslərə daim dəstək verdiyini diqqətə çatdırıb. Bundan əlavə regionda və ümumiliklə dünyanın hər bir guşəsində təhlükəsizliyin və əmin-amanlığın vacibliyi xüsusi qeyd edilib, Azərbaycanın neçə illəridir ki, Erməni təcavüzü ilə təkbətək qaldığı, ölkəmizin böyük mənəvi və maddi zərbələrlə üzləşdiyi bildirilib və 44 günlük Vətən müharibəsinin nəticələrinə dair məlumat verilib.
İ.Larok səfir E.Poluxovu təyinatı münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb. Baş Katib Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi uğurlu təcrübəni CARICOM təşkilatı ilə bölüşəcəyinə ümidvar olduğunu vurğulayıb. Hazırda bütün dünyanı narahat edən COVID-19 pandemiyası, ekoloji və təbii təhlükələr ilə birgə mübarizənin, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı və faydalı əməkdaşlığın vacibliyi də qeyd olunub.
Qeyd edək ki, CARICOM Karib regionunu təmsil edən on beş tam və beş əlaqəli (associate) üzv dövlətdən ibarət olan bir təşkilatdır. Beliz, Surinam və Qayana istisna olmaqla digər üzv ölkələr ada ölkələrdir və təşkilat çərçivəsində bir sıra mühüm məsələlərdə birgə mövqedən çıxış edirlər.