REGİONLAR
Azərbaycan Kənd İnvestisiya Layihəsinin donor tərəfdaşları Lənkəranda olublar
Lənkəran, 9 iyun, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL) ölkəmizin regionlarında infrastruktur layihələrini hazırlayıb icra etmək üçün kənd icmalarına yönəldilən, Azərbaycan Hökuməti və Dünya Bankının təşəbbüsü ilə yaradılıb maliyyələşdirilən, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən layihədir.
AZƏRTAC xəbər verir ki, layihənin həyata keçirilməsində məqsəd icmayönümlü kənd infrastrukturlarına çıxışı və istifadəni artırmaq, kənd yerlərində ailələrin iqtisadi fəaliyyətlərini genişləndirməkdir.
Azərbaycan Kənd İnvestisiya Layihəsinin donor tərəfdaşı olan Dünya Bankının AzKİL-3 layihəsi üzrə tapşırıq meneceri Satoşi İşihara, Dünya Bankının sosial inkişaf üzrə baş mütəxəssisi Tara Şarafuheen, AzKİL-in icma inkişafı meneceri Gülbəniz Qənbərova və layihənin proqram mütəxəssisi Fəridə Eminova Lənkəranda olublar.
Qonaqlar Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüblər. Görüşdə layihə çərçivəsində rayonda həyata keçirilən tədbirlər barədə söhbət aparılıb. T.Qaraşov layihə çərçivəsində Lənkəranda görülmüş işləri - kəndarası yolların əsaslı təmiri, ucqar kəndlərdə məktəblər üçün əlavə korpusların, tibb məntəqələrinin tikintisi ilə bağlı həyata keçirilən layihələrin əhəmiyyətini yüksək dəyərləndirib, təşkilata fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə, həmçinin gələcək əməkdaşlıq üçün mövcud imkanlar müzakirə edilib, kəndlərin sosial-iqtisadi inkişafı baxımından daha əhəmiyyətli olan yeni layihə və proqramların hazırlanıb qarşılıqlı əməkdaşlıq şəraitində icrası qərara alınıb.