SİYASƏT
Azərbaycan-Kipr Dostluq Cəmiyyəti: Şuşada təşkil olunan qondarma “andiçmə” mərasimi bölgədə sülhə və sabitliyə təhdiddir
Ankara, 21 may, AZƏRTAC
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində işğalçı Ermənistanın təşkil etdiyi qeyri-qanuni “seçkilər” və qondarma “andiçmə” şousu bu ölkənin işğalçı siyasətinin təsdiqi, həmçinin təcavüzkar tərəfin beynəlxalq hüquq normalarına zidd əməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Şimali Kiprdə fəaliyyət göstərən Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin (AKDC) bəyanatında yer alıb.
Bəyanatın mətni Şimali Kiprin aparıcı KİV-ləri tərəfindən türkdilli oxuculara çatdırılıb. Sənəddə diqqətə çatdırılır ki, mayın 21-də Şuşada təşkil olunan qondarma “andiçmə” mərasimi beynəlxalq hüquqa zidd, bölgədə sülhə və sabitliyə qarşı təhdid, Azərbaycana qarşı təxribatdır.
Qeyd olunur ki, bir sıra dövlətlər və beynəlxalq təşkilatlar bu “seçki” şousunu pisləyərək, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, qondarma “Dağlıq Qarabağ Respublikası”nı və oradakı “seçkiləri” tanımadıqlarını bəyan ediblər. Nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı, ATƏT, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası, GUAM, Avropa Parlamenti, TÜRKPA, həmçinin aparıcı KİV-lər, eləcə də görkəmli şəxsiyyətlər bu “seçkiləri” məqsədli təxribat, Qafqazda sülhə və sabitliyə qarşı yönələn məsuliyyətsiz siyasi addım, münaqişənin sülh yolu ilə nizamlanmasına qarşı ciddi əngəl, beynəlxalq hüquq normalarına zidd əməl kimi dəyərləndirərək, onların nəticələrinin qanunsuz olduğunu bəyan etdilər.
Bildirilir ki, “andiçmə” şousu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlara böyük zərbədir. Bu, bir daha təsdiq edir ki, qarşı tərəf Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllində maraqlı deyil. Bu fakt Ermənistanın sülh danışıqlarında beynəlxalq ictimaiyyəti aldatmağa yönələn cəhdlərində də özünü göstərir. Bu səbəbdən dünya dövlətləri, eləcə də beynəlxalq təşkilatlar Ermənistana qarşı daha ciddi təzyiq və sanksiyalar tətbiq etməklə onu beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa məcbur etməlidir.
Həmçinin vurğulanır ki, Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərində saxta “prezident seçkiləri”nin keçirilməsi və “andiçmə” şousunun təşkili yolverilməzdir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara