MƏDƏNİYYƏT
Azərbaycan Kiyevdə “EKO-istirahət-2011” II Milli kənd turizmi sərgi-festivalında layiqincə təmsil olunmuşdur
Kiyev, 23 may (AZƏRTAC). Mayın 20-22-də Kiyevdə, Ukrayna Ekspozisiya Mərkəzində “EKO-istirahət-2011” II Milli kənd turizmi sərgi-festivalı keçirilmişdir. Sərginin təşkilatçıları Ukraynanın “Avtoekspo” sərgi şirkəti və Yaşıl Kənd Turizminin İnkişafına Dəstək İttifaqıdır.
Baxışda dünyanın müxtəlif ölkələrindən iri turizm firmaları iştirak etmişdir. Ölkəmizi Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilati dəstəyi ilə “Azərtur” şirkəti təmsil etmişdir. Onun stendi sərgi-festivalın qonaqları arasında canlı maraq doğurmuşdur.
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli sərginin rəsmi açılış mərasimində çıxışında sərgiyə gələnləri Azərbaycanın turizm və kurort imkanları, onun əlverişli coğrafi mövqeyi, 9 iqlim qurşağında yerləşməsi, təkcə Bakıda və iri şəhərlərdə deyil, həm də respublikanın rayonlarında və qoruq zonalarında fəaliyyət göstərən yüksək səviyyəli hotellər şəbəkəsi ilə tanış etmişdir. Dövlətimizin başçısının turizmin inkişafına birinci dərəcəli əhəmiyyət verdiyini vurğulayan diplomat diqqətə çatdırmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2011-ci il Azərbaycanda Turizm ili elan edilmişdir. Səfir əmin olduğunu bildirmişdir ki, 2012-ci il əcnəbi turistlərin Azərbaycana axınının güclənməsi baxımından uğurlu il olacaqdır, axı, “Eurovision -2012” məhz ölkəmizdə keçiriləcəkdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev