İQTİSADİYYAT


Azərbaycan Kiyevdə təşkil edilmiş XVII Beynəlxalq “Ukrayna-2010” turizm salonunda layiqincə təmsil olunmuşdur

Kiyev, 7 oktyabr (AZƏRTAC). Kiyevdəki Beynəlxalq Sərgi Mərkəzində XVII Beynəlxalq “Ukrayna-2010” turizm salonunun açılışı olmuşdur.

Sərginin açılışında Ukrayna Mədəniyyət və Turizm Nazirliyinin, bu ölkədə akkreditə edilmiş diplomatik korpusun, Kiyev şəhər dövlət administrasiyasının yüksək vəzifəli nümayəndələri iştirak etmişlər.

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli mərasimdə çıxış edərək bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev son dövrlərdə ölkədə turizmin inkişafına yönəlmiş bir sıra fərman və sərəncamlar imzalamışdır. Azərbaycan dövlətinin başçısının Sərəncamı ilə “2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Bu proqramın məqsədi Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji standartlara cavab verən müasir turizm sənayesi yaratmaq, turizm sahəsini ölkə iqtisadiyyatının əsas mənbələrindən birinə çevirməkdir. Səfir qeyd etmişdir ki, Azərbaycan və Ukrayna Mədəniyyət və Turizm nazirlikləri arasında dostcasına tərəfdaşlıq münasibətləri yaranmışdır. Bu münasibətlər turizm sahəsində ikitərəfli əlaqələrə də müsbət təsir göstərir.

Ölkəmizin Ukraynadakı diplomatik nümayəndəliyinin başçısı çıxışının sonunda sərginin bütün iştirakçılarını Azərbaycan Respublikasının pavilyonu ilə tanış olmağa dəvət etmişdir. Pavilyonun stendlərində və plazmalı ekranda Azərbaycan torpağının bütün gözəlliklərini görmək mümkündü.

Sərgidə Azərbaycan və Ukrayna Mədəniyyət və Turizm nazirliklərinin, ölkəmizin Kiyevdəki səfirliyinin və “Mejdunarodnı turizm” jurnalının birgə məhsulunun – Ukrayna dilində nəşr olunmuş “Azərbaycan sehirli rənglər diyarıdır” adlı əlvan bukletin təqdimatı olmuşdur. Bu nəşr sərgiyə gələnlərin və Ukrayna KİV-lərinin nümayəndələrinin böyük marağına səbəb olmuşdur.

Sərgi çərçivəsində “Mejdunarodnı turizm” jurnalının təqdimatı da keçirilmişdir. Jurnalın üz səhifəsində milli geyimli azərbaycanlı qız təsvir edilmiş, “Azərbaycan: dövrlər və rənglər” annotasiyası verilmişdir.

“Mejdunarodnı turizm” jurnalının baş redaktoru Aleksandr Qorobets AZƏRTAC-ın müxbirinə müsahibəsində özünün Azərbaycana yaradıcılıq ezamiyyəti, ölkəmizin ona və həmkarlarına bağışladığı unudulmaz təəssüratlar barədə söhbət açmışdır.

Sərginin ilk günündə buraya gələnlərin çoxu Azərbaycan pavilyonu ilə tanış olmuşdur.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.