Azərbaycan Konfutsi institutlarının XIII beynəlxalq konfransında təmsil olunub
AzerTAg.az
Bakı, 6 dekabr, AZƏRTAC
Çinin Çendu şəhərində dünyanın 140 ölkəsindən 2 minədək iştirakçını - Konfutsi sinifləri və təşkilatlarının nümayəndələrini bir araya gətirən Konfutsi institutlarının XIII beynəlxalq konfransı keçirilib. Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun Çin tərəfindən direktoru Li Jihua da konfransda iştirak edib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, konfransın bölmələrində Konfutsi institutlarının idarə edilməsinin təkmilləşdirilməsi, Çində təlim keçmiş müəllimlərin hazırlanmasında keyfiyyətin yaxşılaşdırılması, "Çin dili körpüsü" proqramının həyata keçirilməsi, rəqəmsal Konfutsi İnstitutunun yaradılması layihələrinin reallaşdırılması məsələləri müzakirə olunub.
ADU-nun Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru Rafiq Abbasov qeyd edib ki, beynəlxalq konfrans Konfutsi institutlarının təcrübəsini, digər ölkələrdəki həmkarları ilə əməkdaşlıq sahələrini özündə birləşdirməyə imkan verib. R.Abbasov əminliklə bildirib ki, konfrans Konfutsi İnstitutunun mədəni fəaliyyətinin effektivliyini artıracaq, akademik tədqiqatlarda və peşə hazırlığında rolunu gücləndirəcək. O əlavə edib ki, həmçinin beynəlxalq konfrans ADU-nun Konfutsi İnstitutu ilə ölkəmizin digər universitetləri arasında "Konfutsi Araşdırmaları Proqramı" sayəsində əməkdaşlığı inkişaf etdirəcək, eləcə də Konfutsi İnstitutunun "Təhsil Proqramı"nın effektivliyini artıracaq, ictimai imicini yaxşılaşdıracaq.



Xəbərin mətnində orfoqrafik səhv var