İQTİSADİYYAT


Azərbaycan Konqreslər Bürosu Moskvada beynəlxalq turizm sərgisində iştirak edib

Bakı, 19 mart, AZƏRTAC

Azərbaycan Konqreslər Bürosu 25-ci Moskva Beynəlxalq Səyahət və Turizm (MİTT-2018) sərgisində iştirak edib.

Konqreslər Bürosundan AZƏRTAC-a verilən məlumata görə, Moskva Ekspo Mərkəzində keçirilmiş və Rusiyanın ən böyük turizm tədbiri olan MİTT-2018 sərgisində dünyanın 89 ölkəsindən 1972 şirkət və 23 min iştirakçı bir araya gəlib.

Azərbaycan Konqreslər Bürosu sərgidə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə iştirak edib. Sərgidə büro nümayəndələri Azərbaycanın MICE-toplantı, təşviqat, konfrans və sərgi potensialı və bu ilin mayın 1-dən 31-dək keçiriləcək növbəti Bakı Şopinq Festivalının təbliğatını aparıblar. Bu məqsədlə sərgidə iştirak edən şirkətlərlə 50-dən artıq işgüzar görüşlər keçirib.

Sərgi iştirakçılarından əsasən, Rusiyanın turizm və təşviqat agentlikləri Azərbaycanın turizm sahəsinə xüsusi maraq göstəriblər.

Moskva Beynəlxalq Səyahət və Turizm Sərgisi Rusiyanın ən böyük və ən uzunmüddətli səyahət və turizm sərgisi olmaqla, dünyanın ilk beş turizm sənayesi hadisələrindən biri kimi dəyərləndirilir. Bu tədbir Rusiyanın turizm bazarında nüfuz qazanmaq istəyən tur operatorları, səyahət xidməti təminatçıları və milli turizm təşkilatları üçün əsas platformadır.

Qeyd edək ki, 2013-cü ildən fəaliyyətə başlayan Azərbaycan Konqreslər Bürosunun vəzifələrindən biri də Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də digər aidiyyəti dövlət qurumlarının dəstəyi ilə ölkəmizə irimiqyaslı beynəlxalq tədbirləri cəlb etmək və ölkəni beynəlxalq səviyyəli təyinat məkanı kimi təbliğ etməkdir.

Bu məqsədlə büro dünyanın müxtəlif ölkələri ilə əməkdaşlıq edir, hədəf bazarlarla yaxın əlaqələr qurur, bazar iştirakçılarını ölkəyə cəlb etməyə çalışır və beynəlxalq konqres və seminarlarda fəal iştirak edir.

Azərbaycan Konqreslər Bürosu ölkəmizdə işgüzar turizmin, həmçinin digər iqtisadi sektorların inkişafı üçün strategiya hazırlayaraq icra edir. Qurumun başlıca məqsədi, dəyərli məlumat və dəstək xidmətlərini təmin etməklə, habelə yerli toplantı sənayesi tərəfdaşlarının maraqlarını qorumaqla ölkəmizin nüfuzunu dünya səviyyəli toplantı və görüş məkanı kimi möhkəmləndirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.