CƏMİYYƏT
Azərbaycan Könüllü Təşkilatları İttifaqı beynəlxalq qurumlara müraciət ünvanlayıb
Bakı, 16 oktyabr, AZƏRTAC
Sıralarında 20-dək könüllü təşkilatını birləşdirən Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) beynəlxalq könüllülük proqram və təşkilatlarına müraciət ünvanlayıb.
İttifaqdan AZƏRTAC-a bildiriblər ki, müraciətdə AKTİ-nin yarandığı vaxtdan bu günədək həyata keçirdiyi fəaliyyətlərin missiyası, əhatə etdiyi regionlar (işğal altındakı torpaqlar istisna olmaqla) haqqında məlumat verilib. Xüsusilə Ermənistanın otuz ildir davam edən işğalı, qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərini yerinə yetirməməsi bildirilib.
Vurğulanıb ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozaraq müharibə zonasından uzaqda olan Abşeron, Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Daşkəsən, Gəncə, Goranboy, Xızı, Mingəçevir, Tərtər və Yevlax istiqamətində sivil əhaliyə raket və ağır artilleriya zərbələri endirib. Dinc əhaliyə və infrastruktura qəsdən atəş etməklə, silahlı qarşıdurmada mülki şəxslərin müdafiəsini təmin edən bütün beynəlxalq hüquq normaları, xüsusən 1949-cu il tarixli Cenevrə Konvensiyası və onların Əlavə Protokolları, eləcə də BMT Baş Assambleyasının bir sıra qərarları ermənilər tərəfindən pozulub.
Oktyabrın 10-da humanitar atəşkəslə bağlı əldə edilən razılığa baxmayaraq, Ermənistan silahlı qüvvələri mülki əhaliyə qarşı hərbi əməliyyatları davam etdirir. Ermənistan təcavüzünün ən dəhşətli məqamlarından biri Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə oktyabrın 11-də gecə saatlarında raket zərbəsinin endirilməsi nəticəsində 10 nəfərin həlak olması və 34 nəfərin xəsarət almasıdır. Beynəlxalq hüquq, xüsusilə Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu bu hərəkətləri müharibə cinayətləri və insanlığa qarşı cinayətlər kimi təsbit edib. Hər hansı münaqişə tərəfinin mülki əhalini hədəf alması üçün nə hüquqi, nə də mənəvi əsası yoxdur.
Müraciətdə ümumbəşəri dəyərlərə hörmət olunmasının vacibliyi qeyd edilib. Eyni forma geyinərək birlik nümayiş etdirən könüllülərin milliyyət, irq, din, yaş, cinsiyyət, siyasi görüş fərqi olmadan cəmiyyətə töhfə vermələrinin insanlığın borcu olduğu vurğulanıb.
Dünyada sülhün və birliyin rəmzi kimi könüllü gənclərimiz dünya könüllülərini Ermənistanın təcavüzünə və beynəlxalq humanitar hüquq normalarının pozulmasına qarşı səssiz qalmamağa çağırıblar.