CƏMİYYƏT
Azərbaycan Könüllülərinin Dövlət Gömrük Komitəsinin “Kinoloji Mərkəzi”nə ekskursiyası təşkil olunub
Bakı, 28 iyun, AZƏRTAC
Dövlət Gömrük Komitəsi tərəfindən Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı Azərbaycan Könüllülərinin (Könüllü gömrükçülər/Customs volunteers) Dövlət Gömrük Komitəsinin "Kinoloji Mərkəzi"nə ekskursiyası təşkil olunub.
AZƏRTAC Azərbaycan Könüllü Təşkilatları İttifaqının saytına istinadla xəbər verir ki, ekskursiya zamanı könüllülər mərkəzin fəaliyyət istiqamətləri ilə yaxından tanış olub, narkotik qaçaqmalçılığına qarşı mübarizə tədbirləri çərçivəsində xidmətindən istifadə olunan itlərin yetişdirilməsi qaydaları ilə bağlı məlumat əldə ediblər.
Bütün bəşəriyyət üçün ciddi təhlükə mənbəyi olan narkomaniyaya qarşı mübarizə, gənclərin bu istiqamətdə maarifləndirilməsi, ölkəmizdə sağlam gəncliyin formalaşdırılması ən mühüm vəzifələrdəndir.
Sevindirici haldır ki, gömrük orqanları sadəcə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasında deyil, Azərbaycan Könüllülərinin şəxsində gənclər arasında sağlam həyat tərzinin təbliğ
edilməsi işində də fəal mövqe nümayiş etdirir.