CƏMİYYƏT
Azərbaycan Kooperasiya Universitetində “Gənclərimizi və gələcəyimizi qoruyaq” mövzusunda tədbir keçirilib
Bakı, 30 noyabr, AZƏRTAC
Noyabrın 30-da Azərbaycan Kooperasiya Universitetində 1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü münasibətilə “Gənclərimizi və gələcəyimizi qoruyaq” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Kooperasiya Universitetinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Universitetin beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru Aygün Quliyeva çıxış edərək bildirib ki, son bir həftə ərzində Azərbaycan Kooperasiya Universitetində narkomaniya və narkotik vasitələrdən istifadəyə qarşı mübarizə həftəsi elan olunub və bununla bağlı bütün qruplarda tələbələrlə maarifləndirici söhbətlər aparılıb. A. Quliyeva bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə, eyni zamanda, insanların həyatına, sağlamlığına ciddi təhlükə yaratdığını vurğulayıb, gəncləri narkotik maddələrdən, o cümlədən digər zərərli vərdişlərdən uzaq tərbiyə etməyin vacibliyini qeyd edib.
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədr müavini Nəcəf Novruzov çıxış edərək qeyd edib ki, yeniyetmə və gənclər arasında QİÇS və narkomaniya hallarının qarşısının alınması üçün dövlət səviyyəsində bir sıra proqramlar qəbul edilib. Lakin buna baxmayaraq, əlaqədar təşkilatların bu sahədə birgə fəaliyyəti çox əhəmiyyətlidir, maarifləndirmə tədbirlərinə xüsusi ehtiyac var. N.Novruzov vurğulayıb ki, QİÇS-lə Mübarizə Gününün qeyd olunmasında əsas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir.
7 saylı yoluxucu xəstəliklər xəstəxanasının həkimi Natavan Cəfərova bildirib ki, QİÇS-ə əsasən narkomaniya xəstəliyinə düçar olanlarda daha çox təsadüf edilir. Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur.
Universitetin Tələbə Gənclər Təşkilatının sədri, mətbuat xidmətinin rəhbəri Tamerlan Əkbərov tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışaraq qeyd edib ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biri də sağlam nəslin formalaşdırılmasıdır. Bu istiqamətdə həyata keçirilən narkomaniya ilə mübarizə də kampaniya xarakterli deyil, davamlı siyasətdir.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.