ELM VƏ TƏHSİL
Azərbaycan Kooperasiya Universitetində birinci kurs tələbələri ilə görüş
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Azərbaycan Kooperasiya Universitetində (AKU) birinci kurs tələbələri ilə görüş keçirilib.
AKU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin rektoru, Milli Məclisin deputatı, professor Eldar Quliyev tələbələri təbrik edərək onlara uğurlar arzulayıb.
Rektor müasir dövlətimizin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin gənclərə, onların təhsilinə xüsusi diqqət və qayğı göstərdiyini, müdrik rəhbərin siyasətinin Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini bildirib.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilimiz sürətlə inkişaf edib. Hələ 1969-1982-ci illərdə məktəbəqədər təlim-tərbiyə müəssisələrinin, ali təhsil ocaqlarının sayı xeyli artıb, 1970-1980-ci illərdə 5 yeni ali məktəb yaradılıb. O illərdə 15 mindən çox gənc Azərbaycandan kənarda ali təhsil alıb. 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra da ölkəmizdə elmin, təhsilin inkişafına hesablanan misilsiz işlər görülüb.
Təhsilimizdə qazanılan nailiyyətlərdən bəhs edən E.Quliyev Prezident İlham Əliyevin elm və təhsil sahəsi ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini diqqətə çatdırıb.
Digər çıxış edənlər də bu ali məktəbdə əldə olunan uğurlardan danışıblar.
Sonra yüksək ballarla universitetə qəbul olunmuş gənclərə tələbə biletləri təqdim edilib.