ELM VƏ TƏHSİL
Azərbaycan Kooperasiya Universitetində mediatur təşkil olunub
Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycan Kooperasiya Universitetində yaz imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, mediaturda 2018-2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasının gedişini müşahidə etmək məqsədilə kütləvi informasiya vasitələrinin nümayəndələri, təhsil ekspertləri, QHT təmsilçiləri, valideynlər iştirak ediblər. Onlar universitetin auditoriyalarında imtahanların gedişini izləyib, cavabların yoxlanılması prosesi ilə yaxından tanış olublar.
Tədbirdə universitetin tədris işləri üzrə prorektoru Fikrət Quliyev yaz imtahan sessiyasının təşkili və gedişi haqqında ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan Kooperasiya Universitetində 2018-2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasının müvafiq təlimat və əsasnamələrə uyğun təşkil olunması, onun şəffaf şəkildə keçirilməsinə kömək məqsədilə Apellyasiya komissiyaları yaradılıb. Eyni zamanda, universitetdə “Qaynar xətt” fəaliyyət göstərir.