ELM VƏ TƏHSİL
Azərbaycan Kooperasiya Universitetində yaz imtahan sessiyasına hazırlıq məsələsi müzakirə edilib
Bakı, 23 may, AZƏRTAC
Azərbaycan Kooperasiya Universitetinin elmi şurasının iclası keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda 2017/2018-ci tədris ilinin yaz imtahan sessiyasına hazırlıq, dövlət attestasiyasının təşkili və qarşıda duran vəzifələr müzakirə edilib. Elmi şuranın sədri, rektor, professor Eldar Quliyev rəhbərlik etdiyi ali məktəbdə təhsil alan tələbələrin son bir neçə ayda qazandıqları uğurlardan danışıb. “Universitetimizdə tələbələrin hərtərəfli inkişafı, onların yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb. Tələbələrimiz həm təhsilləri, həm də ictimai-siyasi fəallıqları ilə respublika əhəmiyyətli tədbirlərdə, bilik olimpiadalarında, forumlarda, seminarlarda, idman yarışlarında iştirak edirlər. Bu da onların fərdi inkişafı üçün çox zəruridir”, - deyə rektor bildirib.
İclasda tədris işləri üzrə prorektor Fikrət Quliyevin 2017/2018-ci tədris ilində dövlət attestasiyası və yaz imtahan sessiyasına hazırlıq, buraxılış kurslarında diplomqabağı təcrübənin gedişi barədə məruzəsi dinlənilib. Universitetin elmi işlər üzrə prorektoru Bəyalı Ataşov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Azərbaycan Kooperasiya Universitetinin, Təhsil Nazirliyinin, İqtisadçılar İttifaqının, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin birgə təşkilatçılığı ilə iyunun 1-də keçiriləcək “Müstəqil Azərbaycan dövlətinin ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrar sahənin rəqabət qabiliyyətinin yüksəldilməsi problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfransa hazırlıq barədə məruzə ilə çıxış edib.